Bakı,16 noyabr, AZƏRTAC
Noyabrın 16-da Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 60-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-120 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 45 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 370 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 13 santimetr azalma qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 110 kubmetr olub.
Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 440, Şirvanda 329, Salyanda 290, Bankədə 225, Novruzlu məntəqəsində isə 165 santimetrdir.