Bakı, 17 noyabr, AZƏRTAC
BMT Baş Məclisi 1954-cü ildə bütün ölkələrə 19 noyabr - Ümumdünya Uşaqlar Gününün dünya uşaqlarının qardaşlığı və həmrəyliyi günü kimi bayram edilməsi tövsiyə edilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə noyabrın 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə, “Uşaq hüquqları: inkişaf və perspektivlər” mövzusunda tədbir keçiriləcəkdir.
Qeyd edək ki, Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa etdikdən sonra 1992-ci il 21 iyul tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuşdur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaq hüquqları ilə bağlı məlumatlılığın artırılması və onların hüquqlarının effektiv müdafiəsinin təmin olunması, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir.
Tədbirdə UNICEF, həmçinin Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu zamanı yaradılmış Əlaqələndirmə Şurasına üzv olaraq seçilmiş nümayəndələrin iştirakı nəzərdə tutulub.