Azərbaycanın hava limanlarının, o cümlədən H. Əliyev adına hava limanının təhlükəsizlik və nəzarət sistemləri bütün beynəlxalq standartlara cavab verir. "Rosaviasiya" İctimai Şurasının və "Rostransnadzor"un üzvü, SSRİ-nin əməkdar pilotu Oleq Smirnov belə söyləyib.

"Mənim keçmiş pilot və bir peşəkar kimi müşahidələrim onu deməyə əsas verir ki, H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanının infrastrukturu, təhlükəsizlik və nəzarət sistemi yüksək səviyyədədir və beynəlxalq standartlara 100% cavab verir. Mən bu yaxınlarda Bakıda olmuşam və bu barədə mühakimə yürüdə bilərəm", - deyə O.Smirnov "İnterfaks-Azərbaycan" agentliyinə Rusiya üçün uçuşlar zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin tövsiyə edildiyi 47 ölkə siyahısına Azərbaycanın daxil ediməsi ilə əlaqədar olaraq bildirib.

O.Smirnov Azərbaycanın bu siyahıya salınmasının anlaşılmaz olduğunu bildirib.

"Mən bu məlumatla tanışam, təəssüf ki, mən bu tövsiyənin müəllifini tapa bilmədim. Bu siyahı Azərbaycanda aviasiyanın inkişafından xəbərsiz olan səriştəsiz insanlar tərəfindən tərtib edilib", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Heydər Əliyev SSRİ Nazirlər Şurası sədrinin birinci müavini və Nazirlər Şurasının Təxirəsalınmaz məsələlər üzrə komissiyasının sədri olarkən müntəzəm olaraq mülki aviasiya məsələləri ilə məşğul olurdu və bu dövr ölkədə mülki aviasiyanın tərəqqi dövrü hesab edilir. Azərbaycan həmişə çox böyük aviasiya respublikası olub, o hər zaman çoxlu sayda müasir təyyarə və helikopterlərdən istifadə edib.

Ölkənin əsas hava limanı respublikaya SSRİ, o cümlədən Moskvadan uçub gələn yüzlərlə təyyarəyə xidmət göstərib. Heydər Əliyev hər zaman Azərbaycanın hava nəqliyyatında aparıcı rolunun gücləndirilməsinə tərəfdar olub və öz dövründə buna nail ola bilib", - deyə O.Smirnov qeyd edib.

Ekspert əlavə edib ki, bu gün Azərbaycanda prezident İlham Əliyev mülki aviasiyanın inkişaf etdirilməsinə diqqətlə yanaşır.

"Mən tez- tez Azərbaycanda oluram, ölkənin müasir və innovativ iqtisadiyyat quruculuğuna şahid oluram. Unutmaq olmaz ki, Rusiyada çoxlu sayda azərbaycanlı yaşayır və işləyir, iki ölkənin prezidentləri arasında dostluq münasibətləri mövcuddur. Hazırda Azərbaycan paytaxtı həm Rusiyadan, həm MDB ölkələrindən, həm Avropa, həm də Asiya və digər qitələrdən gələn təyyarələri qəbul edir. Bu zaman beynəlxalq aviasiya qaydalarına ciddi riayət edilir. Bütün bunların fonunda belə informasiyanın meydana çıxması, Azərbaycanın bu siyahıya daxil edilməsi bir peşəkar olaraq mənim fikrimcə, yersizdir", - deyə o əlavə edib.

O. Smirnov hesab edir ki, belə tövsiyələr təhlükəsizlik sistemlərində müəyyən problemlər olan ölkələrə, xüsusən Misir və İŞİD-lə əlaqəsi olan ölkələrə qarşı tətbiq edilməlidir. Lakin Azərbaycanın bu siyahıya daxil edilməsi doğru deyil və bu siyahını tərtib edənlərin qeyri-peşəkarlığının göstəricisidir",- deyə o qeyd edib.

"Şübhə etmirəm ki, yaxın vaxtlarda bu məsələ Azərbaycan və Rusiya arasında tənzimlənəcək", - deyə o qeyd edib.

Milli.Az