Cakarta, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da İndoneziyanın siyasət, ədliyyə və təhlükəsizlik üzrə əlaqələndirici naziri Luhut Pancaitan bildirib ki, ölkəsi ölüm hökmü haqqında qərarların icrasına moratorium tətbiq edəcək. Lakin nazir bu qərarın nə vaxtdan tətbiq olunacağını bildirməyib.
Digər ölkələrin Baş nazirlərinin müavini statusuna bərabər vəzifə tutan bu məmurun sözlərini sitat gətirən “Jakarta Globe” qəzeti yazır: “Hökumət ilk növbədə İndoneziya iqtisadiyyatı ilə bağlı məsələlərə diqqət yönəltməlidir”.
L.Pancaitan bildirib ki, cəmi bir il əvvəl Prezident seçilən Coko Vidodo ölüm hökmü ilə bağlı qərarların icrasına bundan sonra icazə verməyəcək.
Cari ilin yanvar və mart aylarında İndoneziyada narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə əlaqədar iki Braziliya, iki İndoneziya, iki Avstraliya, üç Nigeriya və hərəsindən bir nəfər olmaqla Malavi, Vyetnam, Niderland, Qana və İspaniya vətəndaşları edam edilmişdilər. Rəsmi Cakarta bir neçə ölkənin dövlət və hökumət başçılarının, eyni zamanda, BMT-nin baş katibinin şəxsi xahişini nəzərə almayaraq bu addımı atmışdı.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta