Bakı, 20 noyabr, Səlahət Yusifov, AZƏRTAC
İş dünyasında, təhsildə və siyasətdə gender bərabərliyinin tam təmin edilməsi üçün hələ 100 ildən çox zaman lazım olacaq. Dünya ölkələri bu məqsədə çatmaq imkanını yalnız 118 il ərzində, yəni 2133-ci ildə əldə edə bilərlər.
AZƏRTAC „Süddeutsche Zeitung“ qəzetinə istinadla xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun (DİF) "Global Gender Gap Report 2015" („Qlobal gender bərabərsizliyi 2015“) sərlövhəli hesabatında bildirilib.
Qeyd olunur ki, 145 ölkədə aparılmış araşdırmanın nəticələrinə görə, təxminən 250 milyon qadın yalnız 2006-cı ildən etibarən qlobal əmək bazarlarına çıxmaq imkanı əldə edə bilib. Buna baxmayaraq, kişilərin əmək haqları ilə onların məvacibləri arasında hələ də qeyri-bərabərlik mövcuddur. Hesabatda göstərilir ki, kişilərin on il bundan əvvəl qazandığını qadınlar hələ indi qazanırlar. Bu gender bərabərsizliyi təkcə əmək bazarında deyil, cəmiyyətin digər sahələrində özünü göstərir. Hazırda dünyada səfalətdən əziyyət çəkən iki milyard nəfərdən 70 faizi qadınlardır.
Sosial araşdırmalar nəticəsində məlum olub ki, kişilər və qadınlar arasında əmək haqqı bərabərsizliyi 2006-ci ildən bəri dünya ölkələri üzrə 22 faizdən çox olub. 97 ölkədə ali məktəblərdə təhsil alan qadınların sayının kişilərdən çox olmasına baxmayaraq, onlar yalnız 68 ölkədə ixtisasları üzrə işlədikləri sahələrdə üstünlük təşkil edirlər. Yalnız dörd ölkədə rəhbər vəzifələrdə çalışan qadınlar kişilərdən çoxdur.
Gender Bərabərliyi İndeksində əvvəlki illərdə olduğu kimi, birinci yerdə İslandiyadır. Sonrakı yerləri Norveç, Finlandiya, İsveç və İrlandiya tutur. Kiçik Şərqi Afrika ölkəsi olan Ruanda illərdən bəri gender məsələləri bağlı əldə etdiyi nümunəvi irəliləyiş sayəsində altıncı pilləyə qədər yüksələ bilib. İlk onluqda Filippin, İsveçrə, Sloveniya və Yeni Zelandiya yer alıb. Almaniya on birinci, Amerika Birləşmiş Ştatları isə səkkiz pillə geriləyərək 28 yerdə qərarlaşıb.
"Sürətlə artan avtomatlaşdırma dördüncü sənaye inqilabı nəticəsində çox güman ki, təkcə iqtisadiyyatı deyil, bütün bəşəriyyəti dəyişdirəcək. Bu fonda biz fəaliyyətimizi qlobal müstəvidə elə qurmalıyıq ki, dünyada gender ədalətlilik prinsipi təmin olunsun, hər iki qütbün nümayəndəsinə hər sahədə eyni dərəcədə yüksək hörmət göstərilsin" - deyə DİF-in təsisçisi və sədri Klaus Şvab bildirib.
Qeyd edək ki, 145 ölkədə aparılan analizlərdə standart meyarlarına uyğun olaraq, əsasən əmək haqları, rəhbər vəzifələrdə çalışma, ali təhsil və siyasi fəaliyyət, eləcə də sağlamlıq və sosial həyat kimi sahələrdə gender fərqləri araşdırılıb.