Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (54-cü say) təqdim edir.

Ötən həftə xalq artisti Aygün Kazımova yaşı 18-dən 30-a qədər olan gənclərimizi xeyli həyəcanlandırıb. Sənətçi sosial şəbəkədə elan verib ki, yaşı 18-dən 30-a kimi özünə və istedadına güvənən oğlanlar lazımdır. Axırda da yazıb ki, məqsəd onların fəaliyyətindən hansısa layihədə faydalanmaqdır. Qardaşlar da söhbəti axıra kimi oxumamış sevincəyə düşüblər. Telini darayan kim, bankdan kredit götürüb 500 manatlıq ətir alıb üstünə boşaldan kim, tanışının geyim dükanından nisyə bahalı ayaqqabı alan kim... Adam tanıyıram ki, bankdan pulu bu gün götürüb sabah qaytarmağa görə 200 manat "zibildədir". Cəmi cümlətanı da 22 yaşı var, heç yerdə işləmir. Dədəsi bilsə, belini qırar ki, bizim haramıza yaraşır Aygün Kazımovaya görə banka girmək?

Azərbaycanda aparıcılar hər oyundan çıxmışdılar. Şpaqat açandan tutmuş, dombalaq aşana qədər hamısını görmüşdüm. Amma canlı yayımda tamaşaçıya dönər paylamağı birinci dəfədir görürdüm. Görünür, telekanalların əl-qolu əməlli-başlı açılıb. Doğrusu, verilişə tam baxa bilmədim, elə təkcə aparıcının payladığını gördüm. Amma istəyir pay vermək olsun, istər paylamaq olsun, efirdə tamaşaçını belə aşağılamazlar. Ümid edirəm ki, məsələ tezliklə həllini tapacaq. O ki qaldı aparıcının adını çəkməməyimə, buna ehtiyac yoxdur. Bu günlərdə efirdə dönər paylayan bir aparıcı olub, hansı sayta girsəniz, adını oxuya bilərsiniz.

Müğənni Günay İbrahimlinin xətrini çox istəyirəm. O qədər çox istəyirəm ki, bu yaxınlarda bir film təqdimatında təxminən yarım saat bu xanımı müşahidə etmişəm. Mənim özümçün də indiyə kimi qaranlıq idi. Düşünürdüm ki, bu xanım eqoist görünür, yoxsa elə "qabında" olan budur? Əsla, eqoist filan deyil. Bir az unutqanlığı var. Məsələn, keçmişi, bir zamanlar əlindən tutan adamları tez unudur. Amma borc məsələsində çox diqqətlidir. Kimdənsə 100-150 min alıb "raskrutka" olunubsa, aybaay geri qaytarır. Borc demişkən, sənətçinin 300 minə aldığı evin 200 mini bankındır.

Bəstəkar Nailə Mirməmmədli çoxdan deyilməli olanı deyib. Bildirib ki, müğənnilər gedib ayaqqabıya min manat pul verə bilirlər, amma mahnıya gələndə qiyməti söz edirlər. Nailə xanım bircə məsələdə yanlışlığa yol verib. Sponsor müğənniyə pul buraxanda tapşırır ki, bu pulun səksən faizini öz vid-fasonuna xərcləsin. Dəqiq olmasa da, etibarlı mənbədən aldığım məlumatdır. Ümumiyyətlə, sənətçinin qazandığının yarıdan çoxu özü üstündə olmalıdır. Rəqsanənin səhnəyə çıxdığı ilk vaxtları xatırlayın, yetər...

Müğənni Nazənini əri Məhəbbət Həsənov məhkəmədə Təranə Qumrala qalib gəlib. İndi məhkəmənin qərarına əsasən, Təranə Qumral Həsənovdan üzr istəməli, təkzib verməli və 5 min manat təzminat ödəməlidir.
Yadınızdadırsa, T.Qumral Nazəninin həyat yoldaşının fotosunu sosial şəbəkədə paylaşaraq bu sözləri yazmışdı: "Mən hər zaman dəyərliyəm, qürurluyam, sevilirəm və seçilirəm. Nə edə bilərəm ki, yanındakı üçün sənin dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Yanındakının gözünü mənə baxanda qamaşdıra bilirəmsə, deməli, sən pas atmısan, ay yazıq! Sənə gülürəm. Sən yandıqca həzz alıram. Səni yandıra bilmişəmsə, çox xoşbəxtəm. Atalar gözəl deyib, özgə atına minən tez düşər".

Hər şeyi birtəhər başa düşdüm, bu at məsələsindən başqa. Atı kim minib, nə vaxt minib? Ümumiyyətlə, kim kimi minib? Axı bu nə minişmə festivalıdır belə?

Aşıq Telli Borçalı güldürməkdə davam edir. Bu dəfə də deyib ki, ərə getmək öz əlimdədir. Yəni el diliylə desək, əlimi sallasam, əllisi. İntəhası, hələ sallamıram:

"Ərə getmək öz əlimdədir. Guya məni istəyən yoxdur? Məni istəyən birinci sazımı sevməlidir. Sazımı istəməsə, razılaşmayacam. Amma aşıq olmasını da istəmirəm. Hələ ki, sazımın səsinə dözə biləcək oğlan yoxdur".

İndi oturub Tellinin sallayacağı günü gözləyin. Əlini...

Milli.Az