Göygöl, 23 noyabr, AZƏRTAC
Göygöl rayonunun əkin sahələrində məhsuldarlığı yüksəltmək üçün gətirilən 700 tona yaxın müxtəlif növ mineral gübrələrin 70 faiz güzəştli qiymətlə satışına başlanılıb.
Rayon icra hakimiyyətinin sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Məmmədov AZƏRTAC-a deyib ki, bu il Göygöl fermerləri 13 min 40 hektar sahədə səpin aparmalıdırlar. Artıq 8 min hektarda bu iş başa çatdırılıb. Əvvəllər olduğu kimi, bu il də torpaq sahiblərinin mineral gübrələrlə təminatı yüksək səviyyədədir. Bu günlərdə “Aqrolizinq” ASC-nin rayon filialına fermerlərə güzəştli qiymətlərlə satmaq məqsədilə 550 ton azot, 150 ton amofos, 9 ton super fosfat gətirilib ki, bu da əkin sahələrinə səpilməsi üçün kifayət edir.