Bakı, 26 noyabr, AZƏRTAC
"PASHA Bank" "British Council" ilə birgə yeni biznes-jurnalistika proqramına start verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, layihə yerli kütləvi informasiya vasitələrinin əsasən iqtisadi mövzuları işıqlandıran işçilərinin peşə qabiliyyəti və bacarıqlarının mükəmməlləşdirilməsinə yönəlib. Tədris proqramı xaricdən olan peşəkar təlimatçı-müəllimlərin rəhbərliyi ilə bir neçə xüsusi media-kursundan və yerli KİV nümayəndələrinin Böyük Britaniyaya tanışlıq səfərindən ibarətdir.
Səfər çərçivəsində Azərbaycan media işçilərinin Böyük Britaniyanın aparıcı qəzet, jurnal və digər KİV nümayəndələri ilə görüşləri və təcrübə mübadiləsi nəzərdə tutulub. Bu layihədə iştirak etmək üçün "Trend", "Regional TV", "APA", "Report", "Salamnews", "Lider TV", "Fins" və digər KİV-ləri təmsil edən 11 jurnalist seçilib.