Prodüser Tolik (Tarix Əliyev) xalq artisti Aygün Kazımova ilə müğənni Natavan Həbibini barışdırmaq niyyətindədir.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan prodüser deyib ki, Aygünlə Natavan barışsa, birgə konsertlərini təşkil edəcək: "Bu gün radioda Aygün Kazımovanın elə bir mahnısı gedə bilər ki, onu Natavan da oxumaq istəyər. Vaxtı ilə Aygünlə Natavan duet də oxuyublar. Aygün Kazımova tərəfində olan bəzi jurnalistlər özlərindən Natavana yalandan vikipedya açırdılar, yalan məlumatlar yerləşdirirdilər. Mən də o məlumatlara baxırdım ki, pis şeylər yazılıb, inanırdım. Sonradan bildim ki, vikipedyanı hamı aça bilər. Amma belə şeylər etmək düzgün deyil. Arzumdur ki, Aygünlə Natavan barışsınlar. Barışandan sonra hər ikisinin birgə konsertini təşkil etmək istəyirəm. Bu konsert olsa, gözəl ajiotaj yaranar. Amma çoxları deyirlər ki, bu barışıq sənin nəyinə lazımdır? Başını ağrıtma. Amma rahat həyat yaşamaq gözəldir. Mən demirəm ki, barışandan sonra bir-birlərinin evlərinə gedib-gəlsinlər. Ehtiyac yoxdur. Bir-birlərinin evlərinə gedib-gələn müğənnilərin axırını görürəm də".
Xatırladaq ki, A.Kazımova ilə N.Həbibi 9 ildir ki, küsülüdürlər.
Qeyd edək ki, Tolikdən öncə aparıcı Elgiz Əkbər də Aygünlə Natavanı barışdırmaq istədiyini ötən ay demişdi. O bildirmişdi ki, küsülü olan bu müğənnilər barışsalar, aş dəmləyəcək: "Aygün xanım xalq artistidir, sevilən müğənnidir. Natavanın da gözəl mahnıları, klipləri var. Gözəl oxuyur. Bunların mehriban olmasını, dostluq etməsini arzulayıram. Hətta mən onları verilişimə dəvət edib, burada barışdırmaq istəyərdim. Hətta burada aş da dəmləyərdik".
Milli.Az