Ərdoğandan Putinə cavab: "Dediklərini sübut etməsən..."

Ərdoğandan Putinə cavab: "Dediklərini sübut etməsən..."
16:27 3 Dekabr 2015
100 Digər
Ölkə mətbuatı
A- A+

Mən demişəm ki, əgər Türkiyənin İŞİD-dən neft və neft məhsulları almasıyla bağlı iddialar sübut edilərsə, vəzifəmdə bir saat da qalmaram. İndi növbə Rusiya prezidenti Putinindir. O, dediklərini sübut etməlidir, əks təqdirdə postunda qalmamalıdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciətində söylədiklərinə münasibətini açıqlayıb.

Milli.Az bildirir ki, V.Putin bu gün deyib: "Terrorçuların hesabına Türkiyədə kimin ciblərini doldurduğunu bilirik. Banditlər məhz bu pullara muzdlular toplayır, silah alır, vəhşi terror aktları təşkil edirlər. 1990 və 2000-ci illərdə Şimali Qafqazda vəhşilik etmiş yaraqlıların məhz Türkiyədə sığınacaq, dəstək aldıqlarını xatırlayırıq. Onları indi də orada görürük. Suriyada hərbi qulluqçularımızın həlak olmasına görə Türkiyə hakimiyyətinin bir hissəsi birbaşa məsuliyyət daşıyır. İstənilən problemləri tamamən ənənəvi şəkildə həll etmək olardı. Amma görünür, Allah Türkiyədə hakimiyyətdə olan adamların ağıllarını və şüarlarını əllərindən alaraq onları belə cəzalandırıb.

Təyyarəmizi vurduğuna görə Türkiyəni peşman edəcəyik. Rusiya düşünülmüş, konstruktiv şəkildə davranacaq. Kimsə bizdən əsəbi, isterik, bütün dünya üçün təhlükəli reaksiya gözləməsin.
Türkiyə ilə istənilən məsələlərlə, ən həssas məqamlarla bağlı danışıqlar aparmaq, əməkdaşlıq etməyə hazırdıq. Hətta Türkiyənin müttəfiqlərinin belə, ona etmədiklərini etməyə hazırdıq. Türkiyə rəhbərliyi vicdansızdır, onların vicdan və ədalət hissini Allah əllərindən alıb!"

Rəcəb Tayyib Ərdoğan "Türk İşçi Sendikatları" Konfederasiyasının 22-ci fövqəladə toplantısında deyib: "Türkiyə olaraq Balkan yarımadasına, Qafqaza, Aralıq dənizi hövzəsinə, İraqa biganə qalmağımız mümkün deyilsə, Suriyada baş verənləri də qətiyyən qulaqardına vura bilmərik. Bax buna görə soruşuram: Rusiya Suriyada nə axtarır? Nə imiş - BMT-nin onlara verdiyi səlahiyyət varmış. Nə imiş o yetki - "Əgər o ölkənin hakimiyyəti dəvət edərsə, gedilə bilər". Oraya getmək, 380 min insanı öldürən qatil Bəşər Əsədin dəvətinə müsbət cavab vermək məcburiyyətində deyildiniz.
Bəşər Əsəd rejimi qanunsuz hakimiyyətdir. Bunu görmək məcburiyyətindəsiniz. Dediklərimlə bağlı cənab Putinlə çox danışmışam. İŞİD də Əsəd rejimindən bəslənir".

Son vaxtlar Rusiyada "Türkiyə İŞİD-dən neft alır" iddiasının dəbə mindiyini deyən Ərdoğan iddiaların yalan olduğunu, Rusiyanın hakimiyyət dairələrinin bu yalanlara özünü inandırmağa çalışdığını vurğulayıb.

"İlk dəfə İran başladı"

"Türkiyənin İŞİD-dən neft alması ilə bağıl iddialarını sübut etmək məcburiyyətindədirlər. Bizim neft aldığımız yerlər bəllidir. Hələ bu yalanlarla ailəmi qarışdırmaq baş verənlərin çox da əxlaqlı olmayan yanıdır. Bunu ilk dəfə İran telekanalları etdilər. İran prezidenti ilə danışdım, dedim: "Bax siz çox böyük yanlışlığın içindəsiniz. Əgər belə davam edərsə, cavab ağır olacaq, əvəzini siz İran olaraq çox ağır ödəyərsiniz". On gün-filan davam etdi, sonra saytlarından yığışdırdılar. Niyə? Çünki iftira, yalan, böhtan üzərində qurulmuş sistemlər belə çirkin əməllərdən daha çox istifadə edirlər", - Ərdoğan söyləyib.

"Rusiya sübut etsin!"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinin onun və ölkəsinin ünvanına səsləndiyi çox ağır ittihamların əsassız olduğunu söyləyib.

"Belə iddiaları sənədlərlə, faktlarla sübut etməlidirlər. Mən demişəm - iddiaları sübut etsələr, istefa verəcəyəm. Amma bir iş var: əgər Putin sübut edə bilməsə, vəzifəsindən istefa verməlidir. Suriya xalqı ilə eyni bölgədə yaşamağa davam edəcəyik. Sabah hər şey başa çatanda oradakı qardaşlarımızın qarşısına alnıaçıq, üzüağ çıxacağıq. Müstəqilliyimizlə bağlı zərrə qədər güzəşt edə biləcəyimizi kimsə bizdən gözləməsin. Türkiyə ona dost olanlara qazandıran, kin və düşmənçilik bəsləyənlərə isə uduzduran ölkədir", - Ərdoğan deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR