Bakı, 6 fevral, AzərTAc
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Əmək Təşkilatı “Korporativ Sosial Məsuliyyət: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirib.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Natəvan Məmmədova, Beynəlxalq Əmək Təşkilatının Transmilli Korporasiyalar və Müəssisələrlə İş Departamentinin rəhbəri Githa Roelans, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək siyasəti şöbəsinin baş məsləhətçisi Fəridə Hacıyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) hüquq şöbəsinin müdiri Leyla Acalova və yerli sahibkarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan N.Məmmədova ölkəmizdə həyata keçirilən korporativ sosial layihələr haqqında məlumat verərək qeyd etdi ki, Konfederasiya indiyə kimi bu sahədə həyata keçirilən layihələri dəstəkləyib, gələcəkdə isə Beynəlxalq Əmək Təşkilatı ilə birgə yeddi ölkənin qoşulduğu “Korporativ Sosial Məsuliyyət” adlı yeni layihədə təmsil olunmağı qarşısına məqsəd qoyub. Həmçinin qeyd olundu ki, ASK-nın üzvü olan şirkətlərin beynəlxalq təcrübədən bəhrələnməsində, korporativ sosial məsuliyyətlə bağlı layihələrin idarə olunmasında ən yüksək standartlara, ən mükəmməl etik prinsiplərə riayət etməklə yeni korporativ layihələrin icrasında onlara dəstək olacaq.
ƏƏSMN-in əmək siyasəti şöbəsinin baş məsləhətçisi F. Hacıyeva və AHİK-in hüquq şöbəsinin müdiri L.Acalova təmsil etdikləri qurumların bu sahədə həyata keçirdikləri layihələr barədə məlumat verdilər.
Həmçinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) Multimilli Müəssisələr və Müəssisə Öhdəliyi Bölməsinin rəhbəri Q.Rolans “Üç Əsas Xətt – müəssisələrin sabitliyi üzrə uğurlu yanaşma”, “Sağlam Ailə” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nigar Rüstəmli “Korporativ Sosial Məsuliyyət və İctimai fəallıq“ adlı təqdimatlarla da çıxış ediblər.
Beynəlxalq Əmək Təşkilatının Azərbaycandakı nümayəndəsi Yaşar Həmzəyev bundan sonra Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlığın daha da güclənməsinin zəruri olduğunu, eləcə də korporativ sosial məsuliyyət mövzusunda geniş miqyaslı tədbirlər keçirilməsini gərəkli hesab edib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb.