Dekabrın 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

Dekabrın 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır
08:03 6 Dekabr 2015
414 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına əsasən hər il dekabrın 6-sı ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayram kimi qeyd edilir. Bu bayramın təsis olunması Azərbaycanda ilk telefon xəttinin işə düşməsi ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdi.
Ölkəmizdə rabitə sahəsi ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Ötən əsrin 70-80-ci illərində poçt, teleqraf və teleradio proqramlarının yayımı sahəsində diqqətəlayiq nailiyyətlər qazanılmışdı. Bakıda Rabitə evi, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binalar, 300-dən çox poçt şöbəsi binası tikilmişdi. 1979-cu ildə 310 metr hündürlüyə malik yeni teleqüllənin layihəsi təsdiq edilmiş və 1981-ci ildə obyektin tikintisinə başlanılmışdı. Bir sıra obyektiv və subyektiv səbəblər üzündən ləngiyən tikinti işlərini ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə başa çatdırmaq mümkün olmuşdu.
Son illər ölkəmizdə informasiya texnologiyaları sektoru sürətlə inkişaf edir. İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə gəlirlərin artım tempi dünya üzrə bu göstəricini bir neçə dəfə üstələyir. Azərbaycanda rabitə və İKT sektorunun hazırkı sürətli inkişafı Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində əldə olunub.
Azərbaycan rəqəmli fərqliliyin aradan qaldırılması və regionun İKT mərkəzinə çevrilməsi istiqamətində bir sıra mühüm irimiqyaslı regional layihələr həyata keçirir. “Trans-Avrasiya Super İnformasiya Magistralı”, milli telekommunikasiya peykinin orbitə çıxarılması, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması bu sektor üzrə həyata keçirilən işlərin yalnız bir qismidir.
Ötən gün başa çatan “Bakutel 2015” sərgi-konfransı və bu çərçivədə həyata keçirilən tədbirlər Azərbaycanın qlobal informasiya cəmiyyətindəki yerini aydın təsəvvür etməyə imkan verir. Sərgidə iştirak edən beynəlxalq şirkətlərin və xarici ölkələrin sayının ildən-ilə artması bu sərgi-konfransın böyük beynəlxalq nüfuza malik olmasının əyani təzahürüdür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dekabrin_6_si_rabite_ve_informasiya_texnologiyalari_sahesi_ischilerinin_pese_bayramidir-908718

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR