Tbilisi Beynəlxalq Akademiyasında görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsi anılıb

Tbilisi Beynəlxalq Akademiyasında görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsi anılıb
18:28 9 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Tbilisidə “Borçalı” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.
Tədbir iştirakçıları əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev parkına gələrək Ulu Öndərin büstü önünə tər çiçəklər düzüblər.
Sonra mərasim Tbilisi Beynəlxalq Akademiyasında davam etdirilib.
“Borçalı” İB-nin sədri Məhəbbət İmanov tədbiri açdıqdan sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tbilisi Beynəlxalq Akademiyasının rektoru, tarix elmləri doktoru David Kitaya çıxış edərək Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin inkişafında görkəmli siyasi xadim Heydər Əliyevin xidmətlərindən danışıb. Bildirilib ki, bu gün Azərbaycanın, Gürcüstanın və ümumilikdə regionun inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun uzaqgörən siyasəti nəticəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri çəkilib, Bakı-Tbilisi-Qars dəmir yolu, tarixi İpək Yolu və digər layihələr reallaşdırılır. İki dost və qardaş ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva çıxışında deyib ki, tarixi şəxsiyyətlər heç vaxt unudulmur. Onların dövlətçilik, xalq, milli məfkurənin qorunub-saxlanılması yönündə xidmətləri tarixin ayrı-ayrı dönəmlərində bir mayak kimi işıq saçır, zəkalarının qüdrəti tezliklə özünü təsdiqləyir. Belə tarixi şəxsiyyətlərdən biri də ümummilli lider Heydər Əliyevdir.
Gürcü tələbə Daçi Çitaya Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini qeyd edib. Bildirib ki, tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursu, həyat və fəaliyyəti, keçdiyi şərəfli yol hər iki ölkənin gəncləri üçün örnəkdir.
Sonda ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov, akademiyanın müəllimləri, QHT rəhbərləri, azərbaycanlı və gürcü tələbələr iştirak ediblər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tbilisi_Beynelxalq_Akademiyasinda_gorkemli_siyasi_xadim_Heyder_Aliyevin_xatiresi_anilib-909751

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR