Dövlət qurumundan parkinq tənqidlərinə SƏRT REAKSİYA

Dövlət qurumundan parkinq tənqidlərinə SƏRT REAKSİYA
10:37 12 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Son zamanlar Bakıda artıq iki körpünün alt hissəsində qanunsuz parklanma yerləri ləğv edilib. Bunlar Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi və Atatürk prospekti ilə kəsişmələrində yerləşən yol ötürücüləridir. Hətta körpülərin altına nəqliyyat vasitələrinin daxil olmasının qarşısını almaq üçün giriş-çıxışlara beton maneələr də qoyulub. Parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaratdığı üçün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən ləğv edilib.

Bir müddət öncə Moskva prospektində "Şamaxinka" deyilən ərazidə və Ziya Bünyadov prospektində "3-cü mikrorayon bazarı"nın önündə yerləşən tunellərin üzərindəki parklanma yerləri də ləğv edilib. Səbəb kimi həmin tunellər inşa edilərkən onların üzərinin parkinq kimi istifadə edilməklə bu qədər yükə hesablanmaması və gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşının alınması göstərilir.

Lakin ekspertlərin mətbuatda yer alan fikirlərinə görə, həmin parkinqlərin ləğv edilməsi düzgün addım deyil. Onlar bunu belə əsaslandırırlar ki, tunellərin üzərində və körpülərin altında nəqliyyat vasitələrinin park edilməsində heç bir problem yoxdur, bu addımla ərazidə tıxaclar yaranacaq və bu cür addımlar atılmamışdan əvvəl dövlət qurumları əvvəlcə parkinq yeri məsələsini həll etməlidirlər.

Mövzu ilə bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin də mövqeyini öyrəndik. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Milli.Az-a açıqlamasında məsələyə tənqidi yanaşanların özünü tənqid etdi: "Bəzi ekspertlər gündəmdə qalmaq üçün, bildi-bilmədi hər bir məsələyə münasibət bildirirlər. Əvvəla, bildirmək istəyirəm ki, hər hansı ərazidə parklanma yerini yaratmaq "Azəryolservis" ASC-nin səlahiyyətləri çərçivəsində olan məsələ deyil. Bununla aidiyyəti qurumlar məşğul olur. Belə çıxır ki, biz həmin ekspertlərin öncəgörənliyinə qulaq asmalı, həmin parklanmaların həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaratdığını bilə-bilə buna göz yummalı və onları ləğv etməli deyilik. "Yol hərəkəti haqqında" Qanunla da körpülərin altında dayanma və durma birmənalı şəkildə qadağandır. Qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında dayanma və durma qadağandır. Həmin körpülərin altında saxlanılan avtomobillərə və onun içərisində nə olduğuna heç kim nəzarət etmir və heç kim də onların təhlükəsizliyinə zəmanət verə bilməz. Sabah körpünün altında bir hadisə baş versə, həmin ekspertlər, görəsən, buna cavab verə biləcəklərmi?"

A.Nəcəfli Avtomobil tunellərinin üzərində parklanmaların ləğv edilməsi məsələsinə də münasibət bildirib: "Həmin ekspertlər belə düşünür ki, tunellərin üzərində maşınların saxlanılmasında heç bir problem yoxdur. Çünki tunel dəmir-beton konstruksiyaya malikdir və yüksək fiziki təsirlərə (zəlzələ, texnogen qəzalar və s.) hesablanmış olmalıdır. Bəli, düzdür. Tunellər inşa edilərkən həmin fiziki təsirlər nəzərə alınır. Ancaq bəzi tunellər var ki, onun üstü eyni anda 100-lərlə avtomobilin saxlanılmasına hesablanmayıb. Bu gün olmasa da, sabah həmin tuneldə bədbəxt hadisə baş verə bilər. Davamlı olaraq üzərində olan ağırlığın təsirindən tunel dağıla bilər. Bunu mən deyil, həmin tunelləri inşa edən mühəndislər deyirlər. Düzdür, elə tunellər var ki, onların üzəri bu gücə hesablanaraq inşa edilib və orada avtomobillərin saxlanılmasında heç bir problem yoxdur. Ancaq üzərində parklanma yerləri ləğv edilmiş tunellər buna hesablanmayaraq inşa ediliblər. Sabah həmin tunellərdə hər hansı bir hadisə baş versə, həmin ekspertlər və ya orada parkinq yaradanlar cavab verə biləcəklərmi? Əlbəttə, yox! Mediamız isə əsas səbəbkarı aşkar etmədən tuneli kim inşa edibsə, onun yaxasından yapışacaq. Necə ki, indi bu cür hadisələr olur".

"Azəryolservis" rəsmisi dediklərinə misal da göstərib: "Bu günlərdə Bakı-Ələt-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində bir məktəblinin vurulması ilə nəticələnən yol qəzası baş verib. Bəzi media qurumları belə bir səpkidə xəbər hazırladılar ki, bəs yol Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin balansındadır. Yolun altında piyada keçidi var, ancaq baxımsızlıqdan içərisi su ilə doludur və oradan keçmək mümkün deyil. Nəticədə əhali yola çıxır və qəzalar qaçılmaz olur. Təəsüflər olsun ki, həmin xəbəri hazırlayan jurnalistlər məsələnin kökünü, əsl səbəbin nə olduğunu, günahkarın kim olduğunu araşdırmadan olanlarda məhz bizi günahlandırmağa çalışıblar. Çünki bu, ən asan yoldur və bunun üçün düşünərək nəyisə araşdırıb vaxt sərf etməyə ehtiyac qalmır. Halbuki, həmin yol hazırda yenidən tikilir və orada keçidlər inşa edilir. Hadisədə adıçəkilən həmin keçid də yenicə inşa olunub və orada işlər hələ tamamlanmayıb. Yol istifadəyə veriləndə əhali bu keçidlərdən də rahat şəkildə istifadə edə biləcək. Tərəfimizdən əraziyə tikinti işləri başa çatanadək xəbərdaredici və sürətin saatda 50-60 km/saatadək məhdudlaşdırıldığını bildirən yol nişanları düzülüb. Ancaq bəzi sürücülər bu nişanlara məhəl qoymadan avtomobilləri sürətlə idarə edirlər. Nəticədə bu cür bədbəxt hadisələr baş verir. İndi deyin, günühkar, əslində, kimdir? Biz, yoxsa sürət həddini aşan və qaydalara məhəl qoymayan həmin sürücülər?!"

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR