Heydər Əliyevin ideyalarına sadiqik

Heydər Əliyevin ideyalarına sadiqik
20:18 12 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Heydər Əliyevin ideyalarına sadiqik” devizi altında keçirilən mərasimdə xalqımızın Ümummilli Liderinin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin bütün qoşun növlərinə məxsus hərbi hissələrin zabit, gizir və əsgərlərinin, hərbi təhsil müəssisələrinin müəllim və kursantlarının iştirakı ilə keçirilən tədbirə ölkəmizin tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri də qatılıb.
Əvvəlcə Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani “Heydər Əliyevsiz 12 il – 12 il Heydər Əliyev yolu ilə” mövzusunda məruzə ilə çıxış edərək dahi rəhbərin həyat yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial, mədəni və digər sahələri üzrə onun gördüyü işlərdən danışıb və dünya miqyaslı dövlət xadiminin atdığı addımları minnətdarlıq hissi ilə xatırlayıb. Böyük öndərin zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycanın sabit inkişaf yoluna qədəm qoyması, ordu quruculuğunun qanuni əsaslarla həyata keçirilməsi bir daha diqqətə çatdırılıb.
Milli Məclisin deputatları Eldar İbrahimov, Xanhüseyn Kazımlı, Hüseynbala Mirələmov, eləcə də Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə böyük öndərin həyat və fəaliyyətinin müxtəlif aspektlərindən söz açıb, Azərbaycan naminə gördüyü böyük işlərdən danışıb və onunla bağlı unudulmaz xatirələrini bölüşüblər.
Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin “Əbədi məşəl” poeması əsasında hazırlanmış ədəbi-musiqili kompozisiya salona toplaşanların alqışları ilə qarşılanıb.
Azərbaycan Milli Opera və Balet Teatrının solisti, xalq artisti Azər Zeynallı, əməkdar artist Ramil Qasımov, xalq artisti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrı aktyorlarının, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı solistlərinin ifasında mahnı və ədəbi nümunələr ümummilli lider Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın təcəssümü kimi səslənib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyevin_ideyalarina_sadiqik-910830

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR