Topaz Premyer Liqasının XVI turuna liderlərin xal itkisi ilə yekun vurulub

Topaz Premyer Liqasının XVI turuna liderlərin xal itkisi ilə yekun vurulub
20:28 13 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 dekabr, Elşad Qəzvini, AZƏRTAC
Dekabrın 13-də futbol üzrə Topaz Premyer Liqasında XVI turun növbəti oyunları keçırilib.
AZƏRTAC xəbər verir ki, tura bir günlük fasilənin ardından davam edən üç matçla yekun vurulub.
Turnir cədvəlinin alt pillələrində qərarlaşan AZAL eyniadlı Arenada “Xəzər Lənkəran”la qarşılaşıb. 3 oyun məğlub olmayan AZAL “Xəzər Lənkəran”la qarşılaşmada da minimal hesabla qələbə qazanıb. Dörd oyundu qola həsrət qalan Yunis Hüseynovun yetirmələri isə AZAL qarşısında bu susqunluğu poza bilməyiblər. 70-ci dəqiqəyə təsadüf edən matçın ilk və yeganə qolunun müəllifi Murad Səttarlı olub. Qarşılaşma ev sahibi olan komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu görüşün startından yarım saat sonra Qəbələdə iki iddialı klubun dueli baş tutub. “Qəbələ” komandası son yeddi oyunda meydanı qolsuz tərk etməyən “Neftçi”ni qəbul edib. 4 oyundu məğlubiyyətin nə olduğunu bilməyən Roman Qriqorçukun yetirmələri “Neftçi” ilə görüşdə xal itirib. Jairo oyunun 22-ci dəqiqəsində vurduğu qolla “Neftci”ni qalibiyyətə daşıyıb-0:1. Səfərdən qalib ayrılan “flaqman” bu qələbə ilə liderlərə bir az da yaxınlaşib.
Turun digər mərkəzi görüşündə isə ötən mövsümün çempionu “Qarabağ” debütant “Zirə”yə qonaq olub. Qurban Qurbanovun yetirmələri “Zirə”nin müqavimətini qıra bilməyib. Hazırda ilk üçlükdə qərarlaşmış komandalar meydandan hərəyə bir xalla ayrılıb – 0:0.
Beləliklə, bu turun nəticəsi olaraq “Qarabağ” 36 xalla turnir cədvəlində liderliyini qoruyub saxlayıb. Məğlubiyyətə rəğmən “Qəbələ” 27 xalla ikinci pillədəki mövqeyində qalıb. “Zirə” komandası da ilk üçlükdə yerini saxlayıb. “İnter” 24 xalla dörd, “Neftçi” isə xallarının sayını 23-ə çatdıraraq beşıncı pilləyə yüksəlib. “Kəpəz” 22 xalla altıncı sıraya yuvarlanıb. AZAL və “Sumqayıt” 16 xalla yeddi və səkkizinci pillədə qərarlaşıb. “Xəzər Lənkəran” komandası 12 xalla doqquzuncu, “Rəvan” klubu isə 11 xalla sonuncu pillədə qalıb.
Qeyd edək ki, XVII tura dekabrın 15-də keçiriləcək “Rəvan” – “İnter” matçı ilə start veriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Topaz_Premyer_Liqasinin_XVI_turuna_liderlerin_xal_itkisi_ile_yekun_vurulub-910922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR