“Əhalinin sağlamlığının qorunması haqqında”  Qanunda dəyişiklik müzakirə edilib

17:33 14 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC 
Dekabrın 14-də V çağırış Milli Məclisin səhiyyə komitəsinin ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı özülündə baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitə sədri Əhliman Əmiraslanov gündəlikdə duran məsələlər barədə məlumat verib. Komitənin fəaliyyətindən danışan Əhliman Əmiraslanov bildirib ki, ölkəmizdə səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına göstərilən diqqət prioritet istiqamətlərdən biridir. Son illər bu sahədə çox böyük işlər görülüb. Bütün regionlarda ən müasir tələblərə cavab verən yeni xəstəxanalar inşa olunub.
İclasda “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, Qanunun 49-1-ci maddəsinə edilən əlavəyə görə sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra iclasda komitənin 2016-cı il yaz sessiyası üçün təsdiqlənmiş qanunvericilik işləri planına və digər məsələlərə baxılıb. Bildirilib ki, iş planına daxil olan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi reproduktiv hüquqların həyata keçirilməsi üçün hüquqi əsasları müəyyən edir. Çıxış edənlər sənədin əhəmiyyətindən danışaraq bildirib ki, bu qanun ailənin sağlamlığının qorunmasına, ana və uşaq ölümü hallarının qarşısının alınmasına xidmət edəcək. Qeyd edilib ki, layihə artıq növbəti sessiyanın gündəliyinə salınıb.
Bildirilib ki, iş planına “Optika haqqında” qanun layihəsi də daxil edilib. İclasda bu qanun layihəsi müzakirə edilib, təkliflər səsləndirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR