Politoloq: Dağlıq Qarabağın müstəqilliyi ideyasının rəsmi müəllifi ABŞ konqresidir

Politoloq: Dağlıq Qarabağın müstəqilliyi ideyasının  rəsmi müəllifi ABŞ konqresidir
14:43 16 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ-ın Ermənistana və ermənilərlə münasibətində ciddi dinamika var. Dinamikanın əsas səbəbkarı ABŞ-ın Ermənistandakı yeni səfiri R.Millzdir. Səfir Ermənistan hakimiyyətini korrupsiyaya qurşanmasını ciddi tənqid edir. Korrupsiyanı ABŞ-la münasibətlərinin genişləndirilməsi üçün ən ciddi əngəl hesab edir.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, səfirin fikrincə, Ermənistanın inkişafı üçün onun qonşularla münasibətlərinin normallaşması həyati əhəmiyyətli məsələdir: "Qonşular dedikdə, ilk növbədə Türkiyə ilə münasibətlərinin normallaşması nəzərdə tutulur. Bu il Dağlıq Qarabağın de-fakto rəhbəri B.Saakyan ABŞ-a səfər etmədi. Hər il B.Saakyan ABŞ-da keçirilən ənənəvi telemarafonda iştirak edirdi. Eləcə də, ABŞ-dakı bu ilin telemarafonunda əvvəlki illərdən fərqli olaraq ABŞ-ın tanınmış şəxslərindən heç kim qatılmadı. Bunun və B.Saakyanın ABŞ-a getməməsinin səbəbi ehtimala görə, yeni səfir R.Millzdir. ABŞ-dakı ermənilərin və eləcə də onların pullarından qidalanan yüksək çinli ABŞ rəsmiləri və konqresmenlərinin R.Millzin Dağlıq Qarabağa yeni münasibətinə sakit yanaşacağını düşünmək sadəlövhlük olardı. Ona görə də onlar aktiv fəaliyyətə keçdilər".

M.Əhmədoğlu sonra vurğulayıb ki, ABŞ-a bir B.Saakyanın səfərinin dayandırılması əvəzində onlar separatçı iki erməninin - Dağlıq Qarabağın baş naziri A.Arutyunyanın və xarici işlər naziri K.Mirzoyanın ABŞ-a səfərini təşkil etdilər: "C.Uorlikin razılığı olmadan Dağlıq Qarabağın separatçı ermənilərinin ABŞ-a səfərləri, konqresdəki tədbirlər, görüşlər baş tuta bilməzdi. ABŞ konqresmenləri və ATƏT MQ-də amerikalı həmsədri C.Uorlik K.Mirzoyanla görüşdü. Bu erməni separatizminə böyük dəstəkdir. Belə dəstək Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə ciddi maneədir. Yaxşı olardı ki, konqresmenlər indiki məlumatlılıqları prizmasından 1989-1991-ci illərdə qəbul edilmiş 3 qətnamənin mətnini öyrənsinlər. O halda konqresmenlər ermənilərin ABŞ konqresini nə miqdarda aldatdıqlarını başa düşəcəklər".

Mərkəz rəhbəri qeyd edib ki, konqresmenlərin Cənubi Qafqaz regionunda vəziyyəti bilməməsi mümkündür: "Lakin Uorlik Cənubi Qafqaz regionunda vəziyyəti, o cümlədən Ermənistanı əla bilir. Uorlik bilir ki, nəinki Dağlıq Qarabağ, heç Ermənistan özü müstəqil siyasət apara bilmir. Belə olan təqdirdə, ABŞ-ın Dağlıq Qarabağ siyasətinin obyektiv deyil, subyektiv faktorlara söykəndiyini iddia etmək olar. ABŞ konqresi 1989-cu ilin iyulunda və noyabrında Dağlıq Qarabağ münaqişəsinə dair iki qətnamə qəbul edib. Bu qətnamələrdə SSRİ-nin o vaxtı başçısı olan M.S.Qorbaçovdan Dağlıq Qarabağ separatçılarına başçılıq edən “Qarabağ komitəsinin” liderlərini ayrıca dövlətin başçıları kimi qəbul etməyi tələb etmişlər. Əslində o zaman Ermənistan və Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsini tələb edirdilər. Ona görə də ABŞ konqresini Dağlıq Qarabağın müstəqil dövlət olması ideyasının müəllifi hesab etmək daha düzgündür".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2470263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR