[ 09 Fevral 2015 11:00 ]
Şəki. Vüqar Heydərov - APA. Şəkidə 10 gün əvvəl xalası oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb.
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) bildirilib. Məlumata görə, yanvarın 30-da bıçaqlanma xəsarətləri ilə xəstəxanaya daxil olan rayonun Kiş kənd sakini, 1963-cü il təvəllüdlü Kənan Kamil oğlu Kərimov fevralın 8-də axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, yanvarın 30-da 52 yaşlı Kənan Kərimov yaşadığı evin həyətyanı sahəsində odun kəsən zaman həmkəndlisi olan xalası oğlu, 54 yaşlı Əkrəm Fətəli oğlu Nəcəfov tərəfindən küçəyə çağırılıb. Ə. Nəcəfov heç bir səbəb göstərmədən ona qəfildən 4 bıçaq xəsarəti yetirərək hadisə yerini tərk edib.
Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Əkrəm Nəcəfov tutularaq istintaqa təhvil edilib. Hadisə ilə bağlı qaldırılmış cinayət işi Şəki rayon Prokurorluğunda araşdırılır.