Azərbaycan tərəfindən İordaniyada suriyalı qaçqınlara humanitar yardımın verilməsinin ikinci mərhələsi keçirilib

Azərbaycan tərəfindən İordaniyada suriyalı qaçqınlara humanitar yardımın verilməsinin ikinci mərhələsi keçirilib
20:53 17 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Əmman, 17 dekabr, AZƏRTAC
İordaniyada müvəqqəti məskunlaşan 2020 nəfərdən ibarət 400 suriyalı ailəyə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) maliyyə dəstəyi və ölkəmizin səfirliyinin təşkilatçılığı ilə ərzaq və səhiyyə məhsullarından ibarət humanitar yardımın verilməsinin ikinci mərhələsi keçirilib.
Tədbirdə çıxış edən səfir Sabir Ağabəyov İordaniya Kralı II Abdullaha və ölkə hökumətinə göstərilən qayğıya və köməyə görə minnətdarlığını bildirib. O, Suriya münaqişəsinin hazırda dünyada hökm sürən ən ciddi humanitar böhranlardan birinin yaranmasına səbəb olduğunu, münaqişənin milyonlarla insanın, o cümlədən qaçqın və məcburi köçkünlərin ağır şəraitə düçar olması ilə nəticələndiyini bildirib. Səfir, eyni zamanda, Suriya qaçqınlarına öz ərazilərində sığınacaq vermiş qonşu ölkələrin də münaqişənin nəticələrindən əziyyət çəkdiyini bildirib.
Diplomat oxşar problemləri yaşayan ölkə kimi Azərbaycanın Suriya xalqının əzab-əziyyətlərini daha yaxından hiss etdiyini bildirib. O, Ermənistanın 20 ildən artıqdır ki, apardığı təcavüzkar siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal altında qaldığını, hazırda ölkəmizdə 1 milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşadığını vurğulayıb. Bu illər ərzində qaçqın və məcburi köçkün probleminin ölkə iqtisadiyyatına zərbə vurması, eləcə də işğal altında olan Azərbaycan torpaqlarında yüzlərlə mədəniyyət və incəsənət abidələrinin, hətta qəbiristanlıqların ermənilər tərəfindən darmadağın edilməsi diqqətə çatdırılıb.
Səfir Azərbaycanın artıq beynəlxalq aləmdə yeni donor ölkəsi kimi çıxış etdiyini, dünyada baş verən iqtisadi çətinliklərə baxmayaraq, AIDA-nın Latın Amerikası, Afrika və Asiyanın 30-dan çox ölkəsində humanitar və inkişaf məqsədli layihələr həyata keçirdiyini qeyd edib.
Tədbir İordaniyanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_terefinden_Iordaniyada_suriyali_qachqinlara_humanitar_yardimin_verilmesinin_ikinci_merhelesi_kechirilib-912234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR