Üzeyir Hacıbəylinin Ev muzeyinin yaradılmasının 40 illiyi qeyd olunub

17:52 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, Üzeyir bəyin Ev muzeyində təşkil olunan sərgidə muzeyin 40 illik fəaliyyətini əks etdirən fotoşəkillər, eksponatlar, muzeyin nəşrləri nümayiş olunub.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, xalq artisti Ramiz Quliyev, Canəli Əkbərov, Musiqili Teatrın direktoru Əliqismət Lalayev, bəstəkar Ruhəngiz Qasımova, musiqişünas alim Zemfira Qafarova, görkəmli opera aktyoru Əhməd Ağdamskinin oğlu Telman Ağdamski, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Xalq artisti, professor Ramiz Quliyev bildirib ki, Ü.Hacıbəyli Azərbaycan musiqisinin peyğəmbəridir: "Bu dünyada adilərin təkrarı olur. Peyğəmbərlərin isə təkrarı, bənzəri yoxdur və olmayacaq. Üzeyir bəy ilahiləşib. İlahi qüdrətində olan şəxsiyyət və sənətkar isə təkrarsızdır".
Xalq artisti Canəli Əkbərov qeyd edib ki, Ü.Hazıbəyli bənzərsiz şəxsiyyət olub: "Azərbaycan musiqisində Üzeyir bəy olmasaydı biz nədən və kimdən danışardıq? Üzeyir bəy olmasaydı heç bizlər də, olmazdıq".
Azərbaycan Dövlət Musiqili Teatrın direktoru Əliqismət Lalayev Musiqili Teatrda Üzeyir bəyin 3 əsərinin nümayiş etdirildiyini deyib. O bildirib ki, Ü.Hacıbəyli Musiqili Komediya Teatrının yaradıcısıdır: "Musiqili Teatr 1910-cu ildə Üzeyir bəyin "Ər və arvad" operettası ilə pərdələrini tamaşaçıların üzünə açıb. Üzeyir Hacıbəylidən gələn ənənə indi də davam edir. Hazırda teatrda "O, olmasın bu olsun" musiqili komediyası, "Ər və arvad" və "Arşın mal alan" operettaları oynanılır".
Tədbirin sonunda musiqiçilər simfonik əsərlər ifa edib.
Qeyd edək ki, Üzeyir bəy Hacıbəylinin Ev muzeyi 1975-ci ildə yaradılıb. Həmin ilin noyabrın 20-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin təntənəli açılışı olub. Ev muzeyi Bakıda, Şamil Əzizbəyov 67 ünvanında (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) yerləşən - bəstəkarın 1915-1942-ci illər ərzində yaşadığı evdə təşkil olunub.
Dahi bəstəkarın zəngin irsinin qorunduğu muzey Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/uzeyir-hacibeylinin-ev-muzeyinin-yaradilmasinin-40-illiyi-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR