Yaponiyada keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan musiqisi səslənib

Yaponiyada keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan musiqisi səslənib
11:43 23 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 23 dekabr, AZƏRTAC
Yaponiyanın Hokkaydo Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında (International Cultural Festival 2015) Azərbaycan da təmsil olunub. Ənənəvi olaraq hər il təşkil olunan festival yeni il ərəfəsində Hokkaydo Universiteti Əcnəbi Tələbələr Assosiasiyasının (HUISA) təşkilati dəstəyi ilə reallaşıb.
HUISA-nın prezidenti, doktorant tələbə Əlibəy Məmmədov AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, hər il təşkil olunan festivalda bir-birindən gözəl çıxışları izləmək üçün yüzlərlə insan qatılır. Bu ilki festival isə Sapporo şəhər meriyasının nümayəndələrinin və şəhər ziyalılarının onu izləməyə gəlməsi ilə daha da yaddaqalan olub. Müxtəlif ölkələri təmsil edən tələbələr milli geyimlərində milli rəqsləri və musiqi nömrələrini nümayiş etdiriblər.
Universitetdə təhsil alan həmyerlilərimiz də festivalda Azərbaycan rəqslərini təqdim ediblər. Azərbaycanın “Naz eləmə” rəqsi barədə iştirakçılara ətraflı məlumat verilib, rəqsin video görüntüsü nümayiş olunub. Çıxış bitdikdən sonra bir çox tamaşaçılar Azərbaycan rəqsləri ilə bağlı maraqlarını ifadə ediblər.
Universitetin biznesin idarəolunması və menecment fakültəsinin magistr tələbəsi Qabil Əliyev tamaşaçılara Azərbaycan musiqi sənəti haqqında ətraflı məlumat verib. Azərbaycan musiqisinin köklərinin qədim dövrlərə gedib çıxdığını qeyd edən həmyerlimiz bildirib ki, Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda xalq mahnıları var. Tamaşaçılara UNESCO-nun qeyri-maddi mədəni İrs siyahısına daxil edilmiş muğam sənəti barədə də ətraflı məlumat verilib.
Azərbaycanın xalq artisti Çingiz Mehdiyevin ifasında “Qaval daşı”, Məsum İbrahimovun ifasında “Səni qəmli görəndə”, Alim Qasımov və Fərqanə Qasımovanın muğamla sintez şəklində ifa etdiyi “Say it right (Nelly Furtado)” mahnıları səsləndirilib.
Q.Əliyev 1965-ci ildə ekranlaşdırılmış Çar Rusiyasına qarşı qiyamı əks etdirən “Yenilməz batalyon” filminin musiqisi haqda məlumat verib və ekran əsərindəki mahnını canlı səsləndirib. Həmyerlilərimizin çıxışları izləyiçilər tərəfindən maraqla qarşılanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyada_kechirilen_Beynelxalq_Medeniyyet_Festivalinda_Azerbaycan_musiqisi_seslenib-913553

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR