“Baku Fires” klubunun 17 boksçusu Azərbaycan çempionatında qüvvəsini sınayacaq

13:53 23 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC 
Dekabrın 25-dən 29-dək böyüklər arasında boks üzrə növbəti Azərbaycan çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Boks Mərkəzində təşkil olunacaq yarışda “Baku Fires” klubunun 17 üzvü mübarizə aparacaq.
Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanan Albert Səlimov və Abdulqadir Abdullayev milli komandanın düşərgəsində olduqlarından ölkə çempionatına qatılmayacaqlar. Bu günlərdə Neft Ölkələrinin Dünya Kubokunda qızıl medal qazanan Yevgeni Ramaşkeviçə isə istirahət verilib. Heyətdə ən təcrübəli boksçular kimi Heybətulla Hacəliyev (64 kq) və Soltan Migitinovu (81 kq) qeyd etmək olar. Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı H.Hacəliyev Pedro Roqe baş məşqçi təyin olunduqdan sonra milli komandaya dəvət almır. S.Migitinov isə Teymur Məmmədov çəkisini 81 kiloqrama salandan sonra 1-ci nömrə statusunu itirib. Heyətə ötən mövsüm WSB liqasında bütün görüşlərini qələbə ilə başa vuran Arslanbek Mahmudov da (91 kq-dan yuxarı) daxil edilib. 2014-cü ildə Azərbaycan kuboku yarışlarında qızıl medal qazanmış Nikolay Veselov (75 kq) ölkə çempionatında da favoritlərdən sayılır.
Milli komandanın əksər aparıcı üzvləri Azərbaycan çempionatında iştirak etməyəcəklər.
“Baku Fires” klubunun Azərbaycan çempionatında iştirak edəcəyi heyətində Cavid Dadaşov, Rəsul Saliyev (hər ikisi 49 kq), Murad Rabadanov, Məhəmməd İbiyev (hər ikisi 52 kq), Yaraş Məhəmmədov (56 kq), Nəsrəddin Məmmədov, Həsən Arsunkayev (hər ikisi 60 kq), Heybətulla Hacəliyev, Zaur Abdullayev (hər ikisi 64 kq), Tamerlan Abdullayev (69 kq), Nikolay Veselov, Jaba Xositaşvili, Zaurbek İbrahimov, Badri Xardziani (hamısı 75 kq), Soltan Migitinov (81 kq), Hacı Murtuzəliyev (91 kq) və Arslanbek Mahmudov (91 kq-dan yuxarı) yer alıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baku_Fires_klubunun_17_bokschusu_Azerbaycan_chempionatinda_quvvesini_sinayacaq-913619

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR