Bakı, 9 fevral, AzərTAc
Dövlət Gömrük Komitəsində Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədri Daulet Yerqojinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə komitə sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Qazaxıstan və Azərbaycanın qardaş və tərəfdaş ölkələr kimi sürətli inkişaf yolu ilə irəlilədiklərini vurğulayıb, siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrdən söhbət açıb. DGK sədri ölkələrimiz arasında gömrük sahəsində də qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və qazaxıstanlı həmkarının Azərbaycana səfərinin ikitərəfli münasibətlərin davamlı inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.
Daulet Yerqojiniki qardaş ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrinin yüksək səviyyədə olduğunu və bu əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb. Qonaq qeyd edib ki, Azərbaycan və Qazaxıstan gömrük xidmətləri arasında əməkdaşlıq yüksək səviyyədədir və yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın daha da genişləndiriləcəyinə ümid var.
Sonra qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda isə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsi arasında 2015-2016-cı illər üçün ikitərəfli qarşılıqlı fəaliyyət planı imzalanıb.
Sənədi komitə sədrləri Aydın Əliyev və DauletYerqojin imzalayıblar.
Görüş başa çatdıqdan sonra Qazaxıstan nümayəndə heyəti Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olub.
Azərbaycan və Qazaxıstan gömrük xidmətləri arasında qarşılıqlı fəaliyyət planı imzalanıb
Azərbaycan və Qazaxıstan gömrük xidmətləri arasında qarşılıqlı fəaliyyət planı imzalanıb