İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupun növbəti iclası keçirilib

15:28 24 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də Milli Məclisdə insan hüquqları məsələləri üzrə birgə işçi qrupun növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, işçi qrupun həmsədri Səməd Seyidov qrupun adından dövlətimizin başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan, bütün dövlət və qeyri-hökumət qurumlarının nümayəndələrinin iştirak etdiyi qrup ötən müddətdə səmərəli fəaliyyət göstərib, beynəlxalq qurumlar, o cümlədən Avropa Şurası ilə sıx əməkdaşlıq edib. Lakin sonuncu iclasdan sonra Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibi Torbyorn Yaqland qrupdakı xüsusi nümayəndəsi Aleksandr Qesselin iştirakı məsələsinə yenidən baxaraq onu geri çağırıb. İşçi qrupda AŞPA baş katibinin nümayəndəsinin iştirakı əhəmiyyətli olmayıb. Hazırda T.Yaqland nümayəndəsini Azərbaycana geri qaytarmaq istəyir. İşçi qrup yalnız beynəlxalq təşkilatlar üçün fəaliyyət göstərmir. Bu qrup məhz ona görə yaradılıb ki, Azərbaycanda problemləri müzakirə edərək həll yollarını hökumətə təqdim etsin.
Komitə sədri beynəlxalq təşkilatlara müraciətlə bildirib ki, heç kimin təsiri altında fəaliyyət göstərməyən qrup bundan sonra da işini davam etdirəcək. İnsan haqlarının müdafiəsi, qanunun aliliyinin təmini, demokratiyanın inkişafı Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir. İnsan haqları ali dəyərdir və hər hansı bir məqsəd üçün alətə çevrilə bilməz. İnsan haqlarından istifadə edərək dövlətlərə təzyiq göstərmək olmaz.
İşçi qrupun üzvü, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, qrup Azərbaycanda daxili dialoqun, nadir milli mexanizmin daha da inkişafında xüsusi vasitədir. O deyib ki, AŞPA-nın baş katibi T.Yaqlandın işçi qrupdakı nümayəndəsini geri çağırması başadüşülən deyil. Biz bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırıq. Təəssüflər olsun ki, bəzən beynəlxalq təşkilatların buna hazır olmadıqlarını görürük.
A.Quliyev bildirib ki, işçi qrup QHT-lərlə sıx təmasdadır. İnsan haqlarının müdafiəsi və monitorinq qrupu öz işini peşəkar səviyyədə davam etdirir. Vətəndaş cəmiyyəti ilə daimi dialoqun qurulduğunu qeyd edən deputat vurğulayıb ki, bu, dövlətlə vətəndaş arasında münasibətlərin sağlam olması, əlaqələrin inkişaf etməsi baxımından önəmlidir.
Qrupun digər üzvü, deputat Çingiz Qənizadə bundan əvvəlki iclaslarda qaldırılan məsələlərin öz həllini tapdığını deyərək göstərilən humanizmə görə dövlətimizin başçısına təşəkkürünü bildirib. O vurğulayıb ki, qrup ölkədə insan hüquqları məsələləri ilə bağlı düzgün, operativ qərarların qəbul olunması üçün lazımı tövsiyə və təkliflər verib.
Digər çıxış edənlər qrupun cəmiyyətdə etimadı doğrultduğunu bildiriblər. Toplantıda görüləcək işlər, qaldırılan məsələlərə dair fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Insan_huquqlari_meseleleri_uzre_birge_ischi_qrupun_novbeti_iclasi_kechirilib-913984

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR