Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Səba Ağayeva/
BMT-yə azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında hesabat təqdim olunacaq. Bu barədə Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev çərşənbə axşamı Trend-ə bildirib.
Onun sözlərinə görə, hesabat BMT baş katibinin humanitar məsələlər üzrə nümayəndəsi, Küveyt Beynəlxalq İslam Xeyriyyə Fondunun sədri Abdullah Matuk əl-Matukun yaxın vaxtlarda Azərbaycana gözlənilən səfərinin yekunları üzrə hazırlanacaq.
Abdullah Matuk əl-Matuk səfəri çərçivəsində ölkə rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlər zamanı azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi məsələsində əməkdaşlıq müzakirə olunacaq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondana artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Küveyt Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir. Bunu ölkənin rəsmi şəxsləri dəfələrlə bəyan ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az