Dövlət Sərhəd Xidmətinin (DSX) Aviasiya dəstəsinə döyüş bayrağının təqdim edilməsi, dəstənin yeni inşa olunmuş qarnizon kompleksinin, əsaslı şəkildə yenidən qurulmuş texniki-istismar sahəsinin xidməti istifadəyə verilməsi və yeni alınmış xüsusi texnikalara baxış keçirilməsi məqsədilə təntənəli mərasim keçirilib.
Xidmətin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, DSX-nin rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev şəxsi heyəti hərbi hissənin yeni qarnizon kompleksinin və texniki-istismar sahələrinin xidməti istifadəyə verilməsi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, hərbi hissənin şərəf, şöhrət və şücaət rəmzi olan döyüş bayrağını təqdim edib.
Tədbirdə ulu öndər Heydər Əliyevin göstərişinə əsasən Səngəçal hərbi aerodromunun 2002-ci ildə Dövlət Sərhəd Xidmətinə verilməsi ilə Azərbaycan Sərhəd Mühafizəsi tarixində ilk dəfə Aviasiya dəstəsinin yaradılması, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə göstərdiyi diqqət və qayğı sayəsində Aviasiya dəstəsinin maddi-texniki bazasının xeyli möhkəmləndirilməsi, şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılması xüsusi qeyd edilib, əsaslı tikinti və təmir işlərindən sonra ən müasir tələblərə cavab verən qarnizon kompleksinin istifadəyə verilməsinin bu ali diqqətin növbəti təzahürü olduğu vurğulanıb.
E.Quliyev hərbi hissənin qərargahına, kazarma binasına, əsgər yeməkxanasına, istirahət otağına və zabit yeməkxanasına baxış keçirib, şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olub.
Hərbi hissədə inşa edilmiş tibb məntəqəsinə baxış zamanı şəxsi heyətə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün bütün şəraitin yaradılması, məntəqənin müasir tibbi avadanlıq və vasitələrlə təmin olunması nümayiş olunub.
Yeni inşa olunmuş avtomobil parkında xüsusi təyinatlı müxtəlif avtotexnikanın təqdimatı keçirilib. Sonra yeni çəkilmiş avtomobil yolu ilə helikopter anqarlarına hərəkət zamanı hərbi hissənin idman meydançasının, yeni yaradılmış qalxma və enmə zolaqlarının, eləcə də digər yeni tikililərin təqdimatı olub.
Aviasiya dəstəsinin texniki-istismar hissəsinin əhəmiyyətli sahəsi olan helikopter anqarları ilə tanışlıq zamanı əsas parametrlərinə görə ən müasir tələblərə cavab verən anqarlarda xidməti yüksək texniki tələblər səviyyəsində təşkil etmək üçün lazımi şərait yaradılması məruzə olunub. Burada yerləşən xidməti otaqlar lazımi alət, avadanlıq və texniki vasitələrlə təmin edilib. Anqarlarda helikopterlərin silah sistemlərinin və yerüstü avadanlıqlarının təqdimatı olub.
Xidməti istifadəyə verilmiş komanda-idarəetmə mərkəzində əsaslı yenidənqurma və təkmilləşdirmə işləri aparılıb. Müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz edilmiş idarəetmə mərkəzi ilə tanışlıqdan sonra qrup tərkibində uçuşların izlənməsi və uçuşların idarə edilməsinin təqdimatı olub.
Xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndirilib.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik E.Quliyev şəxsi heyətlə birgə nahar edib.
Milli.Az