Vilnüs, 10 fevral, AzərTAc
Litvanın müdafiə naziri qarşıdakı altı ildə bu idarənin fəaliyyət proqramını təqdim edərək bildirib ki, Litva Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı hər il 450 nəfər artacaq.
Nazir jurnalistlərə deyib: “Biz istərdik ki, hərbi qulluqçuların sayı ildə ən azı 450 nəfər artsın”.
Hazırda Litva Silahlı Qüvvələrində 8 minə yaxın peşəkar hərbçi, təxminən 4500 könüllü xidmət edir və 2300 nəfərə qədər mülki şəxs çalışır.
Nazirin sözlərinə görə, şəxsi heyətin üzvlərinin sayı bu qaydada artırılsa 2020-ci ildə bölmələrin komplektləşdirilməsi 70-90 faizə çatacaq.
Y.Olyakas bildirib ki, Litva ordusunun çevik bölmələrinin genişləndirilməsi prosesi keçən il başlanıb. Hazırda bu imkanlar yenidən nəzərdən keçirilir, daxili təhlükəsizlik xidmətləri ilə birgə intensiv təlimlər keçirilməsi nəzərdə tutulur, habelə NATO-da yaradılan xüsusi çevik silahlı qüvvələrdə litvalı hərbçilərin iştirakı barədə müttəfiqlərlə danışıqlar aparılır.
Bu il Litvanın müdafiə büdcəsinin həcmi 425 milyon avro və ya ümumi daxili məhsulun 1,11 faizi həcmindədir. Bu, keçənilki büdcənin üçdə biri qədər çoxdur. Siyasi partiyalar arasında əldə edilmiş razılaşmaya görə, 2020-ci ilədək Müdafiə Nazirliyinin xərcləri ÜDM-in 2 faizinə bərabər olacaq.
Nigar Cəfərli
AzərTAc-ın xüsusi müxbiri
Vilnüs