Azərbaycan diasporu rəsmisi: "Bizi ləkələmək istəyirlər"

Azərbaycan diasporu rəsmisi: "Bizi ləkələmək istəyirlər"
13:34 6 Yanvar 2016
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) “Azərros”un keçmiş rəhbəri Söyün Sadıqov  və Konqresin icraçı direktoru İlqar Hacıyevin Rusiya Dövlət Dumasına təqdim olunan “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsinin əleyhinə çıxmamaları üçün azərbaycanlıların regional təşkilatlarına təsir göstərmələri barədə yayılan xəbərlərə münasibət bildirib.

 

İ. Hacıyev APA-ya açıqlamasında xəbərlərin əsassız olduğunu, kimlərsə tərəfindən məqsədli yayıldığını deyib və bunu təxribat adlandırıb. O qeyd edib ki, bu ay Rusiyadakı azərbaycanlılar adından layihəyə etiraz olaraq Dövlət Dumasının sədri Sergey Narışkinə, prezident Vladimir Putinə və baş nazir Dmitri Medvedevə rəsmi məktub göndərəcəklər.

 

İ. Hacıyev S. Sadıqovun da belə bir addım atacağına inanmadığını söyləyib: “Əvvəla, o artıq “Azərros”da deyil, ikincisi də onun belə bir addım atması üçün səbəb görmürəm. Heç bir fakt göstərilmədən belə məlumat yayıb, bizi ləkələmək istəyirlər. Bizim hər ilin sonunda bütün regional təşkilatların rəhbərlərinin iştirakı ilə yekun iclasımız keçirilir, sadəcə olaraq, ötən ay bu iclası təşkil edə bilmədik. Bu ay ötən ilin yekunlarına dair toplantının  gündəliyində etiraz sənədinin hazırlanması da var. Müraciətdə göstərəcəyik ki, belə bir layihənin qəbulu Rusiya qanunvericiliyinə ziddir. Mən özüm hüquqşünas, vəkil kimi bu qanun layihəsini əsassız sayıram. Ən azı ona görə ki, məsələn, Rusiya vətəndaşı olan azərbaycanlılar bu qanun qəbul olunduqdan sonra qondarma soyqırımı inkar edəcəkləri təqdirdə, məsuliyyətə cəlb oluna bilər ki, bu da absurddur. Bizim Konqres qarşısına qoyulan öhdəliyə sadiqdir və başlıca məqsədi də Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsidir".

 

“Azərros”un bir neçə regional təşkilatı tərəfindən artıq belə bir müraciətlərin qəbul olunduğunu deyən İ. Hacıyev bunun xaotik formada həyata keçirildiyini vurğulayıb: “Biz bu ay müzakirə keçirib, dolğun və aydın rəsmi sənəd hazırlayaraq Duma rəhbərinə, prezident Putinə və baş nazir Medvedevə göndərəcəyik. Lazım gəlsə, geniş aksiyalar, nümayişlər formasında haqqımızı tələb edəcəyik. Biz əminik ki, Rusiya rəhbərliyi mövqeyimizi nəzərə alacaq. Çünki məlum Orxan Zeynalov hadisəsində tələblərimiz ölkə rəhbərliyi tərəfindən müsbət qarşılandı və azərbaycanlılara rəğbət ifadə olundu”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR