[ 11 Fevral 2015 11:07 ]
Bakı. Fərid Mirzəyev - APA. Təhsil Nazirliyi, “British Council” və “İnkişaf Naminə İdman” İctimai Birliyi arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanma mərasimi keçirilib.
APA-nın məlumatına görə, təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, 2013-cü il oktyabrın 24-də prezidentin imzaladığı sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında şagirdlərin, tələbələrin bədən tərbiyəsinə xüsusi önəm verilir: “Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına əsasən təhsil sahəsində sistemli islahatlar həyata keçirilir, gənclərin sağlam həyat tərzinə xüsusi diqqət yetirilir. Belə bir layihənin Azərbaycanda tətbiq olunmasının böyük səmərəsi olacaq. Layihə 3 məktəbdə - Xətai rayonundakı 138 saylı, Nizami rayonundakı 269 və 220 saylı məktəblərdə pilot layihə kimi keçiriləcək. Müəllimlər üçün artıq treninqlər keçirilib. Britaniyanın Gənclər və İdman Fondu tərəfindən müəllimlərin istifadəsi üçün tədris vəsaitləri hazırlanıb. Dərs vəsaitlərinin hazırlanmasında yeni metodikadan istifadə olunub. Təhsil Nazirliyi hər zaman belə layihələrə dəstək verməyə hazırdır”.
“Britisih Council”ın Azərbaycan üzrə rəhbəri Elizabet Vayt bu layihədə iştirakdan qürur duyduqlarını bildirib: “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq yeniliklər öz əksini tapıb. Bildirmək istəyirəm ki, “British Council” bu məsələdə aktiv rol oynamaq istəyir. Əsas məqsədimiz müəllimlərin inkişafı, tədris vəsaitlərinin yeni metodologiya əsasında hazırlanmasıdır. İnanıram ki, bu unikal layihənin sayəsində idman dərsləri daha da maraqlı keçəcək”.
Daha sonra “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva çıxış ediblər.
Birgə əməkdaşlıq çərçivəsində “TOPs Proqramı – şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi” üzrə nümunəvi layihə hazırlanıb. “Bakcell” şirkətinin dəstəyi ilə 2015-ci ilin əvvəlindən ilkin mərhələnin icrasına başlanıb.