Üzeyir Hacıbəyli və Mirzə Vəli İsmayılovun xatirələrdə yaşayan dostluğu VİDEO

Üzeyir Hacıbəyli və Mirzə Vəli İsmayılovun xatirələrdə yaşayan dostluğu   VİDEO
15:43 13 Yanvar 2016
57 Digər
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 13 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövrünün görkəmli ziyalılarından olan Mirzə Vəli İsmayılovun həyat və fəaliyyəti, dahi bəstəkar Üzeyir Hacıbəyli ilə dostluq əlaqələri tədqiqatçılar tərəfindən geniş araşdırılmasa da, Qarabağın yaşlı sakinlərinin yaddaşında bununla bağlı bir sıra xatirələr yaşayır.
AZƏRTAC-ın müxbiri Ağcabədi rayonunun Rəncbərlər kəndində yaşayan İsmayılovlar ailəsi ilə görüşərək, Mirzə Vəli, həmçinin onun Üzeyir bəylə dostluğu barədə maraqlı məlumatlar əldə edib.
Mirzə Vəli İsmayılovun qardaşı nəvəsi Aqil İsmayılov bildirib ki, bu dostluğun maraqlı tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn kişinin Rəncbərlər kəndi ilə qohumluğu Mirzə Vəlinin 5 yaşında ikən 1890-cı ildə Üzeyirlə birlikdə Şuşa realnı məktəbinə getməsinə səbəb olub. Bu məktəbi bitirən dostlar 1900-cü ildə Zаqаfqаziyа Müəllimlər Sеminаriyasına qəbul olmaq üçün Qoriyə yollanıblar. Üzeyir bəy seminariyaya həmin il, Mirzə Vəli isə iki il sonra qəbul olub. 1907-ci ildə seminariyanı bitirən Mirzə Vəli təyinatla Qubada iki sinifli rus-tatar məktəbinə rus dili müəllimi, 3 ildən sonra isə Bakıda realnı məktəbə müəllim təyin edilib. Eyni zamanda, “Kaspi” qəzeti ilə əməkdaşlıq edib. Mirzə Vəli, həmçinin Hacı Zeynalabdin Tağıyevin neft kontorunda rus dili üzrə məktublar şöbəsində mirzə işləyib. 1918-ci ilədək Bakıda yaşayıb işləyən Mirzə Vəli sonradan Qarabağa qayıdıb, Şuşa və Ağdam İnqilab komitələrində çalışıb, ömrünün sonunadək müəllimlik edib. 1960-cı ildə, 75 yaşında doğma kəndi olan Rəncbərlərdə dünyasını dəyişib.
Aqil İsmayılov deyib ki, Üzeyir Hacıbəyli ilə Mirzə Vəli arasında möhkəm dostluq əlaqələri olub. Üzeyir bəy saatını və eynəyini Mirzə Vəliyə hədiyyə edib, onun oğlu Ənvərə tar göndərib. Ü.Hacıbəylinin yadigarı olan bu saat, eynək və tar ailə tərəfindən ən əziz xatirə kimi bu günədək qorunub saxlanılır.
İsmayılovlar nəslinin digər nümayəndəsi - 90 yaşlı Ağca İsmayılova bildirib ki, Üzeyir bəy Mirzə Vəli ilə əlaqəni heç vaxt kəsməyib: “Onlar həmişə biri-birinin evinə gedib-gəliblər. Üzeyir bəyin Mirzə Vəlinin oğlu Ənvər üçün göndərdiyi tarı ən dəyərli xatirə kimi saxlayırıq”.
Dahi bəstəkarın göndərdiyi tar ailədə musiqiyə maraq oyadıb. Təsadüfi deyil ki, Ağca xanımın oğlanları Hafiz və Rəsul İsmayılovlar musiqi sənətini özlərinə peşə seçərək, tar ixtisası üzrə müəllim işləyirlər.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Uzeyir_Hacibeyli_ve_Mirze_Veli_Ismayilovun_xatirelerde_yasayan_dostlugu_VIDEO-918093

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR