Günəş İsveçin tanınmış musiqi brendi ilə əməkdaşlığa başlayıb

Günəş İsveçin tanınmış musiqi brendi ilə əməkdaşlığa başlayıb
23:08 13 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Minsk, 13 yanvar, AZƏRTAC
Həmvətənimiz, Belarusun populyar müğənnisi Günəş İsveçin tanınmış musiqi şirkəti ilə əməkdaşlıq etməyə başlayıb.
Müğənninin “Sweden Songs Music Publishing” leybli altında buraxılan ilk kompozisiyası internetdə təqdim olunub.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, İsveçin məşhur musiqiçiləri Niklas Söström və Kristian Lovenborq Volström Günəş üçün “Qəlbi sınmış qadın” (“Heartbroken woman”) mahnısını yazıblar. İfaçının sözlərinə görə, “Sweden Songs”, o cümlədən şirkətin təsisçisi olan Kit Almqren ona “Eurovision-2016” mahnı müsabiqəsinin milli seçim turunda kompozisiya təqdimi barədə təklif edib, lakin Günəş seçim turunda iştirak etməməyi qərara alıb. “Belteleradio” şirkətinin dəvətinə əsasən müğənni münsiflər heyətinə salınıb və yanvarın 22-də seçim turunun finalında “Qəlbi sınmış qadın” mahnısını qonaq kimi ifa edəcək. Bu, bir növ kompozisiyanın geniş auditoriya üçün təqdimatı olacaq.
Günəşin “Sweden Songs” ilə əməkdaşlığı 2015-ci ildə başlayıb və müğənninin “Eurovision” milli seçim turlarında uğurlu çıxışından qaynaqlanıb. Bu barədə həmvətənimiz deyib: “Qəribə olsa da, mən “Eurovision” yarışmasına bir dəfə olsun belə getməyərək, ondan yaradıcılıq baxımından böyük fayda əldə etmişəm. Xarici müəlliflərdən onların kompozisiyalarını seçim turunda ifa etməyim barədə çoxlu təkliflər alıram. Hər il Azərbaycan, İspaniya, İrlandiya, İsveçdən mənə mahnılar göndərilir”.
Mahnı haqqında fikirlərini bölüşən həmvətənimiz deyib: “Mənim emosional durumum kompozisiyada təqdim edilən obraz və mətnə uyğun gəlmir. Son vaxtlar çox gözəl bir oğlan dünyaya gətirmişəm. Lakin mahnı mənim o dərəcədə xoşuma gəldi ki, mən bu rolu oynamağı və hər bir qadının həyatında heç olmasa bircə dəfə yaşadığı hiss və emosiyaları çatdırmağı qərara aldım. Cavabsız məhəbbət, ayrılıq acısı, həyəcan və iztirablar – bütün bunlar bizi sonda güclü edir və həyatın yollarında biz daha inamla addımlayırıq”.
Kompozisiya Avropada müsbət qarşılanıb. Müğənni ümid edir ki, mahnı Belarus dinləyicilərinin də xoşuna gələcək. Günəş və İsveçin musiqi şirkəti yeni kompozisiyalar üzərində əməkdaşlığı davam etdirməyi planlaşdırır.
“Sweden Songs” şirkəti “Eurovision” mahnı müsabiqəsinin pərəstişkarlarına yaxşı tanışdır. Şirkət müxtəlif illərdə bu yarışmanın Konçita Vurst, Azərbaycan təmsilçisi Fərid Məmmədov (“Hold me” kompozisiyası), “Eurovision-1999” müsabiqəsinin qalibi Şarlotta Nilson-Perelli (“Take me to your heaven”) və başqa ulduzları ilə əməkdaşlıq edib.
Günəş uşaq dünyaya gətirməsi ilə əlaqədar yaradıcılığında bir qədər fasilə versə də, 2015-ci ilin sonu onun üçün çox məhsuldar olub. Müğənni yeni kompozisiyalar (tezliklə Azərbaycan və rus dillərində daha bir premyera gözlənilir) yazdırıb. O, noyabr ayında İstanbulda keçirilmiş Belarus İnvestisiya Forumunda çıxış edib, dekabrın sonunda təşkilatçıların və Türkiyənin TMB musiqili televiziya kanalının dəvətinə əsasən “Turkvision” mahnı müsabiqəsinin və “Bala.Istanbul” uşaq müsabiqəsinin hakimlər kollegiyasına rəhbərlik edib.
Müğənni bu ilin yaradıcılıq baxımından zəngin olacağını gözləyir. Artıq bu ay istedadlı müğənninin onillik yaradıcılıq fəaliyyətinə həsr olunan “X” yubiley konsert proqramı ilə qastrol turu başlanır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunes_Isvechin_taninmis_musiqi_brendi_ile_emekdasliga_baslayib-918274

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR