Rusiyanın baş naziri Dmitri Medvedyev ölkədə 1998-ci ildə yaşanan maliyyə böhranının təkrarlanmaması üçün hökumətin daha çox islahatlar keçirməli olduğunu deyib. ANS PRESS-in məlumatına görə, Medvedyev iqtisadi forumda çıxışı zamanı qeyd edib ki, əhali öz tələbatını yerli istehsal ilə ödəməlidir.
“Neftin dünya bazarında qiyməti düşdükcə, dövlət büdcəsinin parametrləri də yenilənməlidir. Vəziyyəti anlamaq lazımdır. Biz digər ölkələrdə də müşahidə olunduğu kimi ən pis ssenariyə hazır olmalıyıq. Biz ilin sonunda bu məsələni müzakirə etdik. Bu gün əsas məsələ büdcənin ən effektiv şəkildə uyğunlaşdırılmasıdır. Büdcə xərcləri azaldılmalıdır.” – deyə Rusiyanın baş naziri Dmitri Medvedyev bildirib.
1998-ci ildə Rusiyada müşahidə maliyyə böhranı post-sovet dövründə ölkə iqtisadiyyatına ən ağır zərbə vurmuşdu.
Ekspertlər Rusiyada dövlət gəlirlərinin həddən artıq aşağı düşdüyünü və rubl dəyər itirdikcə yaşayış səviyyəsinin çətinləşdiyini bildiriblər.