Bakı, 11 fevral, AzərTAc
Koreya Respublikasının şirkətləri Azərbaycanda həyata keçirilən “Khazar İslands” layihəsində iştirak edəcək.
Bu fikirlər Koreya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Çoi Sukun “Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” layihəsi ilə tanışlığı zamanı səsləndirilib.
“Avesta Concern”dən AzərTAc-a bildirilib ki, səfir Çoi Suku “Khazar İslands”da keçirdiyi görüşdə bir qrup koreyalı iş adamı müşayiət edib.
“Avesta”nın prezidenti Hacı İbrahim Nehrəmli koreyalı qonaqlara şirkət və onun həyata keçirdiyi “Khazar İslands” layihəsi haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Prezident İlham Əliyevin müdrik xarici və daxili siyasəti müstəqilliyini cəmi 24 il əvvəl bərpa etmiş bir ölkədə belə layihələrin həyata keçirilməsinə imkan yaradıb. İki ölkə arasında münasibətlərin yüksək vəziyyətdə olması isə iş adamları arasında əməkdaşlıq üçün çox geniş perspektivlər açır.
Səfir Çoi Suk belə möhtəşəm layihəni həyata keçirdiyinə görə “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmlini cəsarətli iş adamı adlandırıb. Qonaq həmçinin “Khazar İslands” layihəsinə sərmayə qoyuluşu ilə yanaşı, bir çox sahələrdə koreyalı iş adamlarının cəlb edilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.
“Khazar İslands” layihəsi çərçivəsində həyata keçirilən işlərlə yerində tanış olan koreyalı iş adamları da bu layihəyə qoşula biləcəklərini qeyd ediblər.
“Khazar İslands” layihəsinə Koreya Respublikasının şirkətləri də qoşulacaq