Bakı, 21 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) respublikanın şəhər, rayon polis idarə və şöbələrində (Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) orta rəis heyəti vəzifələrinə hüquqşünas ixtisaslı mütəxəssislərin xidmətə qəbulu ilə əlaqədar müsabiqə elan edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə, 150 vəzifənin tutulması ilə əlaqədar keçirilən müsabiqə müsahibədən və test imtahanından ibarətdir. Müsahibə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə cavab verən namizədlərlə, test imtahanları isə müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərlə daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqlarına dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyənləşdirən proqram və onu əhatə edən suallar üzrə nazirliyin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilir.
Müsabiqədə dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası almış (xarici dövlətlərin təhsil müəssisələrinin yalnız əyani şöbəsini bitirmiş və ixtisasları Azərbaycan Respublikasında tanınmış), yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum edilməmiş, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (daxili işlər orqanlarında xidmətə bərpa olunan və yaxud yenidən qəbul edilən orta və böyük rəis heyəti vəzifələrində işləmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.
Müsabiqə qaliblərinin təyinatı zamanı ilk növbədə həmin rayonda yaşayış şəraiti olanlara üstünlük veriləcək və təyinatlarından sonra onların xidməti iş yerləri DİN-in Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər mia.gov.az./?/az/content/29779/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə info@mia.gov.az ünvanına - nazirliyin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Elektron ərizənin DİN-in Baş Kadrlar İdarəsində qeydə götürülməsi barədə elektron poçt vasitəsi ilə müvafiq məlumat aldıqdan sonra namizədlər yaşadıqları ərazi polis idarələrinə, şöbələrinə şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomu, hərbi bileti, əmək kitabçasını şəxsən təqdim etməlidirlər. Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.
“Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”, test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az veb saytında yerləşdirilib.
Müsabiqədə iştirak etmək üçün sənədlər 2016-cı il yanvarın 21-dən fevralın 21-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10-dan 18-dək şəhər, rayon polis idarə və şöbələrində qəbul olunur.
Əlavə məlumat almaq üçün DİN-in Baş Kadrlar İdarəsinin əlaqə telefonları: (012) 590-93-27; (012) 590-92-54.