Bakı, 22 yanvar, AZƏRTAC
"Bank VTB (Azərbaycan)"ın idarə heyətinin sədri Yuri Yakovlev rus ədəbiyyatı klassiklərinin unikal nəşrlər seriyasını, o cümlədən A.S. Puşkin, P.P.Yerşov, N.V.Qoqol, İ.A.Krılovun kitablarını Bakı şəhərindəki 23 saylı orta məktəbin direktoru Yuliya Kərimovaya təqdim edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu kitablar Rusiya dövlət kitabxanası və VTB-nin "Dünya ədəbiyyatı klassikləri. Söz və Obraz" adlı birgə layihəsi çərçivəsində nəşr edilib. Kitabların hər biri yazıçıların yaşayıb-yaratdığı dövrü ustalıqla əks etdirən çoxsaylı illüstrasiyalarla zəngindir. Belə illüstrasiyalar ədəbiyyat dərslərində bu kitablardan əyani vəsait kimi istifadə etməyə də imkan verir.
"Öz sosial siyasətində "Bank VTB (Azərbaycan)" təhsil, mədəniyyət, səhiyyə və idmanın dəstəyinə böyük diqqət yetirir. Çox şadıq ki, VTB-nin dəstəyi ilə nəşr olunmuş kitabları 23 saylı məktəbə təqdim edirik. Bu müəlliflərin əsərləri məktəb proqramına daxildir və əminəm ki, belə rəngli illüstrasiyalı kitablar şagirdlərin oxumağa marağını daha da artıracaq. Bank bu sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir", - deyə Yuri Yakovlev bildirib.

