Biləsuvar, 23 yanvar, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzində keçirilən yarmarkaya 20-yə yaxın firma və müəssisənin çıxardığı məhsullar alıcılara bazar qiymətindən ucuz təklif olunub. Rayon icra hakimiyyəti başçısının müavini Elsevər Həsənov bildirib ki, yarmarkanın təşkilində məqsəd süni qiymət artımının qarşısını almaq və vətəndaşları ucuz, keyfiyyətli ərzaq məhsulları ilə təmin etməkdir.
Yarmarkada əsasən gündəlik tələbat malları - un, yağ, ət, kartof, soğan və digər ərzaq məhsulları alıcılara bazar qiymətindən 20-30 faiz aşağı qiymətə satılıb. Yarmarkanın təşkilindən həm satıcılar, həm də alıcılar razı qalıb.
Qeyd edək ki, yarmarka ayda bir dəfə təşkil ediləcək.