Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Türkiyənin üç nüfuzlu ali təhsil ocağı - İstanbul Texniki, Yıldız Texniki və İstanbul universitetləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.
ATU-dan AZƏRTAC-a bildirilib ki, bu sənədlərdə ATU-da müştərək texnoparkın yaradılması, bakalavriat və magistratura səviyyəsində birgə diplom proqramlarının, o cümlədən layihələrin həyata keçirilməsi, ali məktəblər arasında tələbə-müəllim mübadiləsi və digər məsələlər əksini tapıb.
Azərbaycan Texnologiya Universiteti Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən xarici ali təhsil ocaqlarının təcrübəsini öyrənmək və səmərəli əlaqələr qurmaq istiqamətində fəaliyyətini davam etdirir.
Bununla əlaqədar Təhsil Nazirliyinin pilot layihəsi kimi ATU-da tətbiqinə başlanılan Müştəriyə Yönəlmə Proqramı çərçivəsində əməkdaşlığı genişləndirmək məqsədilə ATU-nun rektoru, professor Akif Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti İstanbul Texniki, Yıldız Texniki və İstanbul universitetlərinin fəaliyyəti ilə tanış olub, həmin ali məktəblərin rəhbərliyi ilə görüşlər keçirib, mümkün əməkdaşlıq istiqamətlərini müzakirə edib.