Şəmkir, 12 fevral, Sabir Əliyev, AzərTAc
2014-cü ildə şəmkirlilərin həyatında ən əlamətdar hadisə Prezident İlham Əliyevin rayona tarixi səfəri və bu səfər zamanı bölgə üçün çox böyük əhəmiyyəti olan Şəmkir dəryaçasının açılışında iştirak etməsi olub.
AzərTAc xəbər verir ki, bu fikirlər 2014-cü ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş ümumrayon yığıncağında səsləndirilib. Tənqid və özünütənqid şəraitində keçən yığıncaqda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov deyib ki, bu su anbarı qeyri-neft sektorunda həyata keçirilən ən böyük investisiya layihələrindəndir. Ümumi su tutumu 164,5 milyon kubmetr olan dəryaçanın istifadəyə verilməsi Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında 54 min 248 hektar əkin sahəsinin su təminatını yaxşılaşdıracaq, 17 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil ediləcək.
Yığıncaqda qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də rayon iqtisadiyyatında uğurlu göstəricilərə nail olunub. 516 milyon 790 min manatlıq məhsul istehsal edilib ki, nəticədə adambaşına düşən məhsul istehsalı 2503 manata çatıb. Əsas kapitala 160 milyon 370 min manat investisiya yönəldilib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq quruculuq və abadlıq işləri sürətlə davam etdirilib. 9 ədəd yüksək mərtəbəli yaşayış binası əsaslı təmir edilib, elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri yenilənib. Şəmkir şəhərindəki bir sıra küçələrdə abadlaşdırma işləri aparılaraq asfalt salınıb. Ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq uzunluğu 31 kilometr olan Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun 6,77 kilometr hissəsində tikinti işləri başa çatdırılıb. Sabirkənd kəndi ərazisində 21 hektar ərazidə respublikada ilk dəfə olaraq tikinti materialları bazarı yaradılıb.
Kənd təsərrüfatı məhsulları istehsalında da uğurlu göstəricilərə nail olunub. 2014-cü ildə 18 min 576 hektar sahədən 54 min 871 ton taxıl əldə edilib. Bostan, tərəvəz və meyvə istehsalında da göstəricilər yüksək olub. Belə ki, 6406 hektar kartof sahəsindən 108 min 447 ton, 6163 hektar tərəvəz sahəsindən 122 min 82 ton, 256 hektar bostan sahəsindən 5752 ton məhsul yığılıb.
Əhalinin suya olan ehtiyacının ödənilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Rayonda mövcud olan 746 subartezian quyusunun normal işləməsi təmin edilib, 13 ədəd yeni quyu qazılaraq istifadəyə verilib.
Rayon iqtisadiyyatında xüsusi yeri olan Şəmkir quşçuluq fabrikinin fəaliyyəti bərpa olunub. Hazırda fabrikdə 491 min 444 baş quş saxlanılır. Heyvandarlığın inkişaf etdirilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində mal-qaranın baş sayı 61053-ə, qoyun və keçilərin baş sayı isə 288 min 375-ə çatdırılıb. Nəticədə əvvəlki illə müqayisədə ət istehsalı 5,9 faiz, süd istehsalı 5,5 faiz, yumurta istehsalı 33,1 faiz artıb. Hazırda Ceyrançöl ərazisində 8 min hektar sahədə iri kənd təsərrüfatı müəssisəsinin yaradılması istiqamətində işlər aparılır.
Yığıncaqda təhsil, səhiyyə və mədəniyyət sahələrində görülən işlər və buraxılan nöqsanlar haqqında da geniş müzakirələr aparılıb. Çatışmazlıqların aradan qaldırılması üçün təcili tədbirlər görülməsi barədə tapşırıqlar verilib.
Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Sahibə Qafarova yığıncaqda çıxış edərək respublikamızda gedən sosial-iqtisadi inkişafdan, dövlətimizin başçısının apardığı daxili və xarici siyasətdə qazanılan uğurlardan danışıblar.
Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov yığıncaqda çıxış edib.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunub.
Şəmkir dəryaçasının istifadəyə verilməsi ötən ilin ən əlamətdar hadisələrindən biri olub