Bu günlərdə Akademiki Milli Dram Teatrında daha bir qalmaqal yaranıb. Olayın səbəbkarı isə adı tez-tez qalmaqallarda hallanan xalq artisti Bəsti Cəfərovadır.
Qalmaqal “Nazirin xanımı” adlı tamaşa zamanı, elə səhnədəcə baş verdi. Olanlara şahidlik edən tamaşaçıların sözlərinə görə, xalq artisti Bəsti Cəfərova ilə eyni səhnəni bölüşən aktyorlar – Vüsal Mustafayev və Rada Nəsibovanın tamaşaçılar tərəfindən xüsusi alqışlanmaları tərəflər arasında narazılığa səbəb olub. Sonradan Vüsal Mustafayev və Rada Nəsibova tamaşaçılarla əl verib görüşdükdə isə Bəsti Cəfərova daha da əsəbiləşib. O, ayaqqabılarını çıxardaraq, Rada Nəsibovaya “Səhnədən çıxın, yoxsa, gəlib bunu başınıza vuracam”, - deyib.
Daha sonra səhnənin arxasına keçən xalq artisti yüksək səslə Rada Nəsibovanı hədələyib: ”Səni teatrdan, bu obrazdan çıxartdıracam”.
Milli.Az musavat.com-a istinadən bildirir ki, qalmaqal səbəbindən aktrisa Rada Nəsibova teatr rəhbərliyi tərəfindən töhmət alıb.
Xalq artistinin bu cür əsəbi hərəkəti heç də birmənalı qarşılanmayıb. Bəziləri Bəsti Cəfərovanın əsəblərinin pozulması, psixi sarsıntı yaşaması və yaxud gənc aktrisanın uğuruna qısqanclıq etməsi ucbatından olayın baş verdiyini iddia edirlər.
Aktrisa çox xoşbəxt olduğunu deyib:
“İnsan ömrü boyu əziyyət çəkir və fikirləşir ki, görəsən nə vaxtsa rahat nəfəs alıb arxayınçılıqla yaşaya biləcəkmi... Bax, həmin gün mənim üçün artıq gəlib. Bu gün çox rahat nəfəs alıb yaşayıram, şükürlər olsun ki, bütün işlərim də qaydasında gedir. Teatrda mənə çox gözəl rollar verilir. Hər yerdə mənə qarşı böyük hörmət, etibar var, uğurlar daim məni izləyir. Dərs dediyim Mədəniyyət və İncəsənət Universitetində tələbələrim tərəfindən sevilirəm. Bir dəqiqə olsun vaxtım yoxdur, aldığımı məvacib də məni görür. Deməyim odur ki, mən öz işimlə məşğulam, başqa problemlər, qalmaqallar məni maraqlandırmır”.
Qeyd edək ki, bir müddət bundan əvvəl Bəsti Cəfərova xalq artisti Zemfira Nərimanova ilə də qalmaqal yaşamışdı. Xalq artistlərinin arasında yaranan narazılıq üzündən birlikdə məşq etdikləri “Xanuma” tamaşasında Zemfira Nərimanova öz rolundan imtina etmişdi. Aktrisa tamaşanın iki nümayişində xəstə olduğunu əsas gətirərək səhnəyə çıxmamışdı.
Milli.Az