Bakı, 27 yanvar, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri nəticəsində Banqladeş Xalq Respublikasının 15 və Pakistan İslam Respublikasının 5 vətəndaşı saxlanılıb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı bu şəxslərin ölkəyə gətirilməsini, onların pasportları götürülməklə ayrı-ayrı ünvanlarda qrup şəklində yerləşdirilməsini və Azərbaycan-İran-Türkiyə-Avropa marşrutu üzrə qanunsuz miqrasiyanı təşkil edənlərin Yunanıstanda məskunlaşmış Banqladeş vətəndaşı Selim Muhammed və onun Azərbaycanda əlaqələndiricisi, ölkə ərazisində qanunsuz yaşayan, Dövlət Miqrasiya Xidməti tərəfindən axtarılan həmyerlisi Nahid Neovaz olması müəyyənləşdirilib.
Keçirilən tədbirlər nəticəsində Selim Muhammedin Nahid Neovaz vasitəsilə Azərbaycan Respublikasından tranzit ölkə kimi istifadə olunmaqla Banqladeş vətəndaşlarının İran İslam Respublikasına ötürülməsini və oradan təyinat ölkəsinə çatdırılmasını təşkil etmələrinə dair faktlar təsdiqini taparaq tam sübuta yetirilib.
DMX Selim Muhammed, Nahid Neovaz və onların vasitəçiliyi ilə Azərbaycan Respublikasına gətirilərək qanunsuz miqranta çevrilmiş digər Banqladeş vətəndaşları barəsində müvafiq araşdırmaları davam etdirir.