Bakı, 27 yanvar, Ramiz Quliyev, AZƏRTAC
Yanvarın 27-də “Caspian European Club” çərçivəsində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin iştirakı ilə biznes-forum təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Caspian European Club”un sədrinin 1-ci müavini Telman Əliyev klubun yaranma tarixi və fəaliyyətindən söz açıb. Bildirilib ki, qurumun əsas istiqamətlərindən biri dövlət qurumları ilə yerli biznes arasında ünsiyyət yaratmaqdır. Bundan sonra respublikada fəaliyyət göstərən iri şirkətlərlə kiçik və orta sahibkarlar arasında işgüzar görüşlərin təşkili də klub tərəfindən dəstəklənəcək.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin baş direktoru Göksel Aybek rəhbərlik etdiyi şirkətin 10 il ərzində gördüyü işlər barədə məlumat verib. Qeyd olunub ki, "Akkord" beton, sement, mərmər, asfalt, kərpic və digər tikinti materialları sahəsində 11 istehsalat şirkətinə, həmçinin körpü, hidro və mülki tikintisi sektoru üzrə 3 şirkətə malikdir. Bir sıra xarici ölkələrdə, o cümlədən, Çin, Küveyt, İran, Rusiya və Omanda yeni layihələrə başlanılıb, Özbəkistan, Qazaxıstan, Türkiyə və Gürcüstanda yol və tikinti işləri ilə bağlı layihələr davam edir. Cari tikinti layihələri üzrə işlərin ümumi dəyəri 1,5 milyard AZN təşkil edir.
Baş direktor deyib ki, növbəti illərdə 725 min kvadratmetr yaşayış və 80 min kvadratmetr qeyri-yaşayış sahəsinin inşası planlaşdırılır. Buraya Biləcəri, Xocahəsən, Badamdar, Mərdəkan və Novxanı qəsəbələrində yaşayış binaları da daxildir. Binalar əsaslı təmirdən sonra sakinlərə ipoteka krediti ilə də veriləcək.
Vurğulanıb ki, bu il Qazax rayonunda "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın ikinci sement zavodunun tikintisi planlaşdırılır. Ötən il şirkət tərəfindən 91 min ton klinker ixracatı həyata keçirilib. 2016-cı ildə isə 200 min ton klinkerin ixracatı üçün artıq müqavilə bağlanıb. Bundan əlavə, Balaxanı və Kürdəxanıda inşa edılən zavodlar 2016-cı ilin aprelində istismara veriləcək.
Onun sözlərinə görə, şirkət öz fəaliyyət dairəsini daha da genişləndirərək, respublikamızın qeyri-neft sektorunun inkişafına daha böyük töhfələr verəcək.
Biznes-forumda korporasiyanın yeni layihələrinin təqdimatı keçirilib.
Tədbirdə iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı ali təhsil müəssisəsinin qədim tarixindən və bu təhsil ocağının nailiyyətlərindən danışıb.
Nəzərə çatdırıb ki, bir əsirlik fəaliyyəti dövründə təhsil müəssisəsi 140 mindən çox mühəndis, 2000-dən çox elmlər namizədi və 250-dən çox elmlər doktoru hazırlayıb. Ali təhsil müəssisəsi hazırda da dünyanın tanınmış universitetləri sırasındadır. Rektor universitetin beynəlxalq əlaqələrindən danışıb, burada şəffaf təhsil mühitinin yaradıldığını diqqətə çatdırıb. Onun fikrincə, universitetlə şirkət arasında əməkdaşlıq hər iki tərəfə səmərə verə bilər. Belə ki, ali təhsil ocağının tələbə və məzunları şirkətə məxsus istehsal sahələrində təcrübə keçmək və işlə təmin olunmaq imkanı qazana bilərlər.
Tədbirdə həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təqdimatı keçirilib.
Sonda “Caspian European Club” və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
Tədbirdə bir sıra xarici səfirliklərin və yerli şirkətlərin nümayəndələri iştirak ediblər.