A+
A–

Bakı, 1 fevral, AZƏRTAC
“Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi ötən ilin yekunlarına dair illik hesabatını təqdim edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə birliyin icraçı direktoru Vüsal Əhmədov il ərzində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən il İctimai Birlik gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə intellektual yarışlar və vətənpərvərlik mövzusunda 12 layihə həyata keçirib. Layihələr çərçivəsində gənclərə Azərbaycanın tarixi barədə ətraflı məlumat verilib, onların vətənpərvərlik hisslərinin gücləndirilməsi, mənəvi-əxlaqi tərbiyəsinin yüksəldilməsi, zərərli vərdişlərdən əl çəkmələri, yoluxucu xəstəliklərdən qorunmaları və s. ilə bağlı təbliğat işi aparılıb. İctimai Birliyin regionlarda, o cümlədən Sabirabadda və Saatlıda reallaşdırdığı layihələrdə ümumilikdə 2000-dək gənc iştirak edib.
Bildirilib ki, “Bakı-2015” ilk Avropa Oyunlarına dəstək məqsədilə Sabirabadda 50-dək gəncin iştirakı ilə “Sağlam gənclik – sağlam gələcək” devizi altında veloyürüş təşkil olunub. İl ərzində İctimai Birlik Sabirabaddakı “ASAN xidmət” mərkəzi və digər qurumlarla fəal əməkdaşlıq edib.
Tədbirdə, həmçinin cari ildə həyata keçiriləcək layihələr barədə də ətraflı məlumat verilib.