A–
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti informasiya texnologiyaları profilli ixtisaslar üzrə təhsil alan tələbələrin biliklərinin beynəlxalq tələblərə uyğunlaşdırılması, bu sahədə resursların əhatə dairəsinin genişləndirilməsi məqsədilə bir sıra yeniliklərin həyata keçirilməsinə başlayıb.
AZƏRTAC xəbər verir ki, 2015-2016 tədris ilinin əvvəlindən bu istiqamətdə fəaliyyətə başlayan universitet AİSTGroup şirkətinin dəstəyi ilə ötən ilin son günlərində prosesin ilkin mərhələsi olaraq Oracle Academy, Cisco Academy və Microsoft Academy kimi qeydiyyat prosesini tamamlayıb.
Eyni zamanda, mühəndislik sahəsində təhsil alan tələbələrin rəsmi lisenziyaya malik proqram təminatlarından faydalanması məqsədilə universitet tərəfindən Autodesk Academic Resource Center qeydiyyatdan keçirilib və nəticədə resurslardan rəsmi istifadə imkanı təmin edilib. Əlavə olaraq universitet tərəfindən akademiyalar çərçivəsində nəzərdə tutulmayan istiqamətlər üzrə imkanları genişləndirmək, bu sahə üzrə fəallığın artırılması, tələbələr arasında informasiya mübadiləsinin aparılması məqsədilə AZİİ-İTClub təsis edilib.
AZİİ-İTCluba üzv olmaq istəyən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri fevralın 25-dək www.asoiu.edu.az saytında “AZİİ-İTCluba qeydiyyat” formasını dolduraraq müraciət edə bilərlər. Təlimlər üçün nəzərdə tutulmuş yerlər məhduddur. Təlimlərdə iştirak etmək istəyən şəxslərin ilkin kompüter və başlanğıc səviyyədə texniki ingilis dili üzrə biliklərinin olması tələb edilir.
Tələblərə cavab verən tələbələrin seçimi məntiqi təfəkkürün yoxlanılması ilə həyata keçiriləcək. Hər təlim kursu üzrə ən yüksək nəticə göstərən ilk 20 tələbənin cəlb edilməsi nəzərdə tutulub.
Akademiyalar çərçivəsində reallaşdırılacaq təlimlər AİSTGroup şirkətinin beynəlxalq sertifikatlı mütəxəssislərinin iştirakı ilə həyata keçiriləcək.
Təlimlər nəticəsində tələbələrin bilik səviyyələrinin artırılması və beynəlxalq sertifikatlara yiyələnmələri məqsədilə nəzəri və praktiki məlumatların verilməsi təmin olunacaq.