A+
A–

Naxçıvan, 3 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosialyönümlü haqqıödənilən ictimai iş layihəsi muxtar respublika əhalisi tərəfindən maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, hazırda evdə müvafiq ölçüdə xalçaların toxunması üçün Şərur, Babək, Ordubad, Culfa, Şahbuz rayonlarında və Naxçıvan şəhərində, ümumilikdə, 11 nəfər xalçatoxuyanla əmək müqaviləsi bağlanılıb. Onlar xalça toxumaq üçün bütün avadanlıq və materiallarla təmin ediliblər.
Bu istiqamətdə həyata keçirilən tədbirlər sosial qayğıya ehtiyacı olan şəxslərin rifahının yüksəlməsinə, habelə milli ənənələrimizin yaşadılmasına xidmət edir.
“Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosialyönümlü haqqıödənilən ictimai iş layihəsi “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir.
Bundan əvvəl isə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq sosialyönümlü ictimai işə cəlb edilən sosial qayğıya ehtiyacı olan 27 şəxs tərəfindən 35 xalça toxunub, onların satışı təşkil olunub.
Sosialyönümlü haqqıödənilən ictimai iş layihəsi maraqla qarşılanıb