A+
A–

Tovuz, 3 fevral, AZƏRTAC
Fevralın 3-də Tovuz Rayon İcra Hakimiyyətində rayonun ötən ilinin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrlə bağlı geniş tərkibdə şura iclası keçirilib.
Yığıncaq iştirakçıları əvvəlcə Tovuz şəhərinin Heydər Əliyev meydanında Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə qeyd olunub ki, hesabat ilində respublikamızda gedən davamlı inkişaf fonunda Tovuz rayonunda da müsbət irəliləyişlər əldə edilib, rayonun sosial-iqtisadi, mədəni inkişafı, əhalinin rifah halının yüksəldilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıllıqla davam etdirilib.
Hesabat dövründə rayonda məhsul buraxılışının və xidmətlərin həcmi əvvəlki illə müqayisədə 4 faiz artıb. Bu artım kənd təsərrüfatında 5,7 faiz, sənayedə 4,7 faiz, ticarət və xidmət sahələrində 7,5 faiz, nəqliyyatda 5,2 faiz, rabitədə 4,7 faiz təşkil edib. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 8,2 faiz yüksəlib.
Diqqətə çatdırılıb ki, ötən il rayonda aqrar bölmənin inkişafı sahəsində xeyli iş görülüb. 2014-cü illə müqayisədə 167 ton buğda, 9323 ton kartof, 760 ton tərəvəz, 30 ton bostan, 581 ton meyvə, 268 ton çox üzüm istehsal olunub.
Bildirilib ki, Tovuz rayonu vaxtilə respublikanın ən böyük üzümçülük rayonlarından biri olub. Bu gün də rayonun iqtisadiyyatını inkişaf etdirməyin ən səmərəli yolu məhz bu sahə ilə bağlıdır. Hazırda rayonda cəmi 649 hektar üzüm bağı var. Bunun 18 hektarı 2015-ci ildə salınıb. Yeni üzümlüklər salınması üçün işlər davam etdirilir. Ötən il məhsul verən bağların hər hektarından 182 sentner məhsul götürülməklə, 9828 ton məhsul istehsal edilib. İstehsal olunmuş məhsulun emalı və satışı ilə bağlı çətinliklər hələ də qalmaqdadır. Keçən il rayonda heyvandarlığın inkişafı sahəsində də müəyyən işlər görülüb. Bunun nəticəsində 2014-cü illə müqayisədə keçən il ət istehsalı 4,2 faiz, süd istehsalı 2,1 faiz, yumurta istehsalı 4,8 faiz, yun istehsalı 5,1 faiz artıb.
Ötən il rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi sahəsində də mühüm işlər görülüb. Tovuzçay su anbarının tikintisi başa çatdırılıb ki, bununla da 20 min hektar ərazinin su təminatı yaxşılaşdırılacaq və 1600 hektar yeni sahədə suvarma aparılması mümkün olacaq.
Rayonda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, onlara lazımi şərait yaradılması ilə bağlı müxtəlif tədbirlər görülür, vaxtaşırı iş adamları ilə görüşlər keçirilir, qaldırdıqları problemlər öyrənilir və həll edilir. 2015-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin sayı 915 nəfər artaraq 10560 nəfərə yüksəlib. Bu artım daha çox kənd təsərrüfatı və xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayında müşahidə edilir. 2015-ci ildə rayonda 1492 yeni iş yeri açılıb ki, onlardan da 462-si daimi iş yeridir.
Rayonda tikinti-quruculuq sahəsində də xeyli iş görülüb. Heydər Əliyev Fondunun dəstəyi ilə Tovuz və Qovlar şəhərlərində hər biri 100 yerlik iki uşaq bağçasınin tikintisi başa çatdırılıb. Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir. Qovlar şəhəri “Gənclər evi”inin istifadəyə verilməsi də planlaşdırılır. Eyni zamanda, Tovuz şəhərində Nizami mədəniyyət evinin və Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin tikintisi davam etdirilir. Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintisində işlər yekunlaşmaq üzrədir. 1176 şagird yerlik Düz Qırıqlı kənd tam orta məktəbinin əsaslı təmir işləri başa çatdırılıb.
İclasda Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Qənirə Paşayeva və Ülviyə Ağayeva da çıxış edib, qarşıda duran vəzifələrdən, onların həlli yollarından danışıblar.