3 fevral 2016-ci il tarixində İntourist otelində Otellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə keçirilən "dəyirmi masa" baş tutmuşdur.

Tədbirdə bir sıra otellərin, turizm agentliklərinin, içtimai qurumların, təhsil müəsissələrinin və dövlət qurumlarının nümayəndələri iştirak etmişdirlər. İştirakçılar turizm və qonaqpərvərlik sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışmış, mövcud problemləri müzakirə etmişlər.

Assosiasiyanın idarə heyətinin sədri Samir Dübəndi bildirmişdir ki, "Bugünkü görüş bizim üçün xüsusi önəm daşıyır, çünki turizm və qonaqpərvərlik sənayesinin mövcud vəziyyəti bizi son dərəcədə həyəcanlandırır. Məqsədimiz kütləvi turizmin inkişafına nail olmaqdır. Eyni zamanda ölkəyə gələn turistlərə təqdim edilən xidmətlər genişlənməli və zənginləşməlidir. Kütləvi turizmin inkişafı yeni iş yerlərinin açılması, regionların turizm baxımından inkişafı və sair müsbət məsələlərlə müşahidə edilməlidir..."

Tədbir bir sıra önəmli məsələlərin müzakirəsi ilə keçmişdir. Hava, su və dəmir yolu nəqliyyatlarından səmərəli istifadə olunması, Xəzər dənizinin potensialından istifadə edilməsi, xarici turizm baxımından hədəfə götürülmüş ölkələrlə viza prosedurlarının daha da asanlaşması, sənayedə çalışan əməkdaşların tədrisi və təkmilləşməsi, güzəştli vergi sisteminin tətbiqi, aşağı faizli biznes kreditlərin verilməsi və s. suallar geniş diskussiyaların mövzusu olmuşdur.

Otellər və Restoranlar Assosiasiyası keçirilən tədbiri turizm və qonaqpərvərlik sənayesinin inkişafı üçün dövlət qurumlarına ünvanlanan təkliflər planının hazırlanmasında ilk addım kimi qiymətləndirir. Tədbirin sonunda işçi qrupunun yaradılması qərarı verilmişdir, hansı ki, sənayedə çalışan peşəkarlardan formalaşacaq.

Assosiasiya tədbirin keçirilməsində dəstək olan İntourist Hotel-in heyətinə, informasiya tərəfdaşı Trend İnformasiya Agentliyinə, Azərbaycan Respublikası Vergilər Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və "dəyirmi masa"da iştirak etmiş bütün media nümayəndələrinə dərin minnətdarlığını bildirir.