Bizimyol.info yazır ki, bank kreditləri ilə bağlı problemlə üzləşən daha bir vətəndaş şikayət edib. Ağdaş rayon sakini Teymurov İlham Tahir oğlu bildirir ki, onun xəbəri olmadan bankda adı kredit müqaviləsində zamin kimi göstərilib.
"Mən heç kimə zamin durmadığım halda, ötən ay mənə məhkəmədən məktub daxil olub. Məktubda qeyd olunur ki, "Para Bank" ASC Allahverdiyev Şahin Allahverdi oğluna, İbrahimov Ehtiram Soltan oğluna və mənə qarşı borcun, bu borcun əvəzinin girov predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi barədə iddia qaldırıb. Ancaq mən adıçəkilən şəxslərin heç birini tanımıram və belə bir şəxsə zamin durmamışam. Məktubda qeyd olunan məlumatlara əsasən, kredit sahibi Şahin Allahverdiyevlə əlaqə saxladım. O, məni tanımadığını, kredit götürən zaman mənim adımın hansı səbəbdən zamin kimi qeyd olunduğundan məlumatsız olduğunu dedi. Həmçinin digər zamin Ehtiram İbrahimovu da tanımıram. Bununla bağlı bankın həm Ağdaş fililalı, həm də mərkəzi ofisinə dəfələrlə müraciət etsəm də, heç bir nəticəsi olmayıb. Bir neçə gün öncə yenidən məhkəmədən məktub daxil olub ki, məhkəmə fevralın 15-də davam edəcək", - deyə İ.Teymurov bildirir. O, bank tərəfindən qanunsuzluqla üzləşdiyini deyir. Şİkayətçi əlavə edir ki, rayon qeydiyyatında olsa da, hazırda Bakıda yaşayır. "Məhkəmədə iştirak etmək üçün rayona gedib-gəlmək mənə əlavə maddi ziyan vurur. Həmçinin iş yerimdə də bu məsələ ilə bağlı problem yaranır. Ona görə də mənə vurulmuş maddi və mənəvi ziyanla bağlı məhkəmədə iddia qaldıracağam".
Vətəndaşın müraciətinə əsasən "Para Bank" ACS-nin Ağdaş filialının rəhbəri Aydın Fərzəliyevlə əlaqə saxladıq. Filial müdiri deyib ki, həmin kreditlə bağlı iddia ərizəsi Ağdaş Rayon Məhkəməsində baxış mərhələsindədir. "Kredit sənədlərinin içərisində Teymurov İlham Tahir oğlunun şəxsiyyət vəsiqəsi və imza var. Əgər həmin şəxs həmin imzanın ona məxsus olmamasını iddia edirsə, bu zaman məhkəmədə xəttşünaslıq ekspertizası təyin olunmalı və ekpertizanın nəticəsinə əsasən, imzanın ona məxsus olub-olmaması müəyyənləşdirilməlidir", - deyə A.Fərzəliyev bildirdi. Filial müdiri vurğuladı ki, şəxsin özü olmadan, imza atmadan zamin durması qanunla mümkün deyil. Bu səbəbdən məsələ məhkəmə müstəvisində araşdırlmalıdır.
Vəkil Asif Abdullayev "Bizim Yol" qəzetinə bildirib ki, qanunvericiliyə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də, müqavilənin bağlanmasıdır. Əgər müqavilə varsa, şəxs üçün müəyyən hüquq və vəzifələr yaranır. Eyni qaydalar zaminlərə də aiddir. Belə ki, zaminin bank qarşısında vəzifələrinin yaranması üçün mütləq qaydada yazılı müqavilə bağlanmalıdır. Mülki Məcəlləyə əsasən, zaminlik müqaviləsinin yazılı şəkildə bağlanmaması, onun etibarsızlığına səbəb olur.
"Bankın məhkəməyə verdiyi şəxslə zaminlik müqaviləsinin olmadığı halda, onun bank qarşısında heç bir öhdəliyi yoxdur və bank ona qarşı tələb irəli sürə bilməz. Əgər həmin şəxs zaminlik müqaviləsini imzalamayıbsa, bank ona qarşı tələb irəli sürə bilməz. Zamin qismində məhkəməyə verilən şəxs məhkəmədə zaminlik müqaviləsini imzalamadığını və imzanın yoxlanılması ilə bağlı ekspertizanın keçirilməsi barədə vəsatət verə bilər. Əgər ekspertiza nəticəsində aşkar edilsə ki, zaminlik müqaviləsindəki imza saxtalaşdırılıb, məhkəmə bu barədə xüsusi qərardad qəbul etməklə prokurora məlumat verəcək. Bununla əlaqədar olaraq, imzanın kimin tərəfindən və hansı məqsədlə saxtalaşdırılması araşdırılacaq", - deyə vəkil bildirir.
Milli.Az