A+
A–

Qusar, 7 fevral, Elxan Yusifli, AZƏRTAC
“Şahdağ” Turizm Mərkəzində fiziki məhdudiyyətli şəxslər üçün tanışlıq turu təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tur çərçivəsində 16 Qarabağ müharibəsi veteranı, paralimpiyaçı və fiziki məhdudiyyətli şəxs mərkəzdəki hotellərlə tanış olub, qondola və kanatlar vasitəsilə Şahdağ yamaclarını seyr edib və xizək sürüblər. Azərbaycanda ilk beynəlxalq xizək məktəbinin peşəkar təlimçiləri onları xizək sürməyin ən təhlükəsiz və asan yolları ilə tanış ediblər.
Turizm mərkəzində fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan ən son texnoloji imkanlara malik xizək avadanlıqları mövcuddur ki, onlar vasitəsilə çətinlik çəkmədən xizək sürmək mümkündür.
Tur Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin dəstəyi ilə təşkil olunub. Bu cür tədbirlər sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların sosial-iqtisadi həyatda tam və səmərəli iştirakına kömək etmək məqsədi daşıyır.