Bakı, 14 fevral, AzərTAc
Moldovanın Maarif Nazirliyinin, Gürcüstanın Təhsil və Elm Nazirliyi və “İntel” korporasiyasının Bakıda səfərə gələn nümayəndələri “Sabahın alimləri” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycanın təcrübəsini öyrənmək məqsədilə Təhsil Nazirliyində olublar.
Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, görüşdə nazirin müşaviri Hüseyn Əliyev “Sabahın alimləri” müsabiqəsinin Azərbaycanda artıq dörd ildir keçirildiyini diqqətə çatdırıb. Müsabiqənin keçirilməsi prosesi ildən-ilə təkmilləşdirilir, bu isə tədqiqatlarla məşğul olmaq istəyən şagirdlərin sayını artırır. 2013-cü ildə keçirilən müsabiqəyə qoşulmaq üçün 149 şagird müraciət etmişdisə, builki müsabiqədə qeydiyyatdan keçən şagirdlərin sayı 480-ə çatıb.
“Sabahın alimləri” müsabiqəsinin təşkilatçılarından olan “İntel” korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva bu müsabiqənin hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil edildiyini xatırladıb. Azərbaycanın müsabiqənin keçirilməsi ilə bağlı təcrübəsinin təqdirəlayiq olduğunu vurğulayan T.Nanayeva sərgiyə qatılmaq istəyən digər ölkələrə bu təcrübədən faydalanmağı tövsiyə edib.
Moldova Maarif Nazirliyinin nümayəndəsi Prisakaru Angela, Gürcüstanın Təhsil və Elm Nazirliyinin əməkdaşı Tinatin Boçorişvili Bakıda “Sabahın alimləri” müsabiqəsinin yüksək səviyyədə keçirildiyini qeyd ediblər. Onlar ölkələrində belə müsabiqələrin təşkilində Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiklərini vurğulayıb, ümumilikdə, təhsil sahəsində birgə layihələrin reallaşdırılmasında maraqlı olduqlarını bildiriblər.
Xatırladaq ki, bu il fevralın 12-də Bakıda “Sabahın alimləri” müsabiqəsinin açılış mərasimi olub. Müsabiqədə 204 şagird 106 elmi layihə ilə iştirak edir. Onlardan 39-u fərdi, 67-si kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim ediblər.
Təhsil, Gənclər və İdman nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və İntel İSEF ilə birgə təşkil olunan müsabiqənin qalibləri ABŞ-da keçiriləcək İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcəklər.